...

Ərdoğan: TANAP-ın Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır

Energetika Materials 30 Oktyabr 2017 12:25 (UTC +04:00)
Transanadolu qaz kəmərinin (TANAP) Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır.
Ərdoğan: TANAP-ın Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Transanadolu qaz kəmərinin (TANAP) Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır.

Bunu TREND, AZƏRTAC və APA-ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik strateji layihədir: "İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq".

Dövlət başçısı bildirib ki, Türkyiə enerjiyə olan tələbatın artmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında Çindən sonra ikinci sıradadır: "Bu mənada, TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, “Şahdəniz” yatağındakı qazı Avropaya nəql etməklə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.

TANAP-ın birinci fazasından aldığmız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında öz əksini tapıb. Digər tərəfdən, Rusiyanın hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk axını" layihəsində də işləri davam etdiririk".

O, Şərqi Aralıq dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazır olduqlarını bildirib: "Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirmə üzrə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti