Bakı. Ləman Zeynalova - Trend:
Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının Avropaya tədarükü üçün qaz qovşağı ola bilər.
Trend-in məlumatına görə, bunu Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova deyib.
Səfir deyib ki, 2020-ci ildən başlayaraq Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük olunacaq: “Bu onu ifadə edir ki, Bolqarıstanda 1 milyona yaxın ev təsərrüfatı qazla təmin olunacaq”.
N.Qurbanova onu da qeyd edib ki, Azərbaycan qazı Bolqarıstana “Cənub qaz dəhlizi” ilə birləşəcək IGB (Yunanıstan-Bolqarıstan interkonnektoru) vasitəsilə tədarük olunacaq.
Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti SOCAR-la “Şahdəniz-2” yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqavilə imzalayıb.