...

Nazir müavini: Azərbaycandakı neft-qaz layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün çox mühümdür

Energetika Materials 30 May 2018 10:33 (UTC +04:00)
Azərbaycandakı neft-qaz layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün çox mühümdür.
Nazir müavini: Azərbaycandakı neft-qaz layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün çox mühümdür

Bakı. Ənvər Məmmədov - Trend:

Xəzər regionunda reallaşdırılan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi kimi neft-qaz layihələri, həmçinin Qazaxıstanda "Kaşaqan" layihəsinin həyata keçirilməsi Yaponiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Daisaku Hiraki Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Yaponiya şirkətləri hər iki layihədə iştirak edir, buna görə də Xəzər regionu Yaponiya üçün çox vacibdir:

"Bu region, o cümlədən Azərbaycan hələ də nəhəng təbii resurslara malikdir. Biz bütün potensialın istifadə ediləcəyi təqdirdə bu regionda istehsalatın aktiv şəkildə artacağına inanırıq. Bu da regionun davamlı iqtisadi artımına gətirib çıxaracaq. 1970-ci illərdəki neft böhranından sonra Şimal dənizi və Alyaska regionları yeni tədarükçü qismində mühüm rol oynadılar. Lakin bu regionda istehsalat ciddi şəkildə azaldı. Buna görə də indi iri ehtiyatlara malik Xəzər regionuna böyük ümidlər bəslənilir".

Onun sözlərinə görə, istehsalatı artırmaq və sabit gəlir əldə etmək üçün yeni texnologiyaların tətbiqi və neft-qaz infrastrukturunun inkişafı zəruridir:

"Yaponiya çox istərdi ki, öz aparıcı texnologiyaları ilə regionu dəstəkləsin. Biz, həmçinin Azərbaycanda perspektiv neft-qaz bloklarında birgə araşdırmalarda maraqlıyıq".

Qeyd edək ki, "Xəzər Neft və Qaz" konfransı çərçivəsində Yaponiyanın Dövlət Neft-Qaz Şirkəti (JOGMEC) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər Azərbaycanda perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparacaq.

Yaponiya həmin sənəd çərçivəsində Azərbaycanda kəşfiyyat işləri ilə bağlı preferensial hüquqlar əldə edəcəyinə ümid edir. Sənəd, həmçinin birgə texnoloji işlərin aparılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti