Bakı. Trend:
“LUKOYL-Azərbaycan” ölkədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırır.
Trend-in məlumatına görə, Bakıda “LUKOYL” brendi altında 58-ci yanacaqdoldurma məntəqəsi açılıb.
“LUKOYL-Azərbaycan” QSC-nin direktoru Eduard Muhametovun sözlərinə görə, “LUKOYL” məntəqələrindən hər gün 80 mindən çox azərbaycanlı sürücü istifadə edir:
“Bu, yüksəkrəqabətli bazardır və bizim üçün hər bir müştəri vacibdir. Ona görə də “LUKOYL-Azərbaycan” məntəqələrdəki yanacağın keyfiyyətini daim nəzarətdə saxlayır, xidmətlərin keyfiyyətini yüksəldir və vaxtlı-vaxtında avadanlığın müasirləşdirilməsini həyata keçirir”.
E.Muhametov qeyd edib ki, hər bir müştəri istənilən YDM-də buraxılan yanacağın həcmini xüsusi avadanlıq vasitəsilə yoxlaya bilər. Xidmətin keyfiyyəti ilə bağlı hər hansı bir sual yaranarsa 24 saat qaynar xəttə müraciət etmək olar:
“Bu ilin əvvəlindən biz 125 müraciət almışıq. 113 halda YDM-də pozuntu aşkar edilməyib ki, müştərilərimiz də bununla razılaşıb. Amma 12 müraciət YDM-lərin 5 əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas verib. Daha 7 əməkdaşı isə işdən azad etməli olmuşuq. LUKOYL daim YDM-lərdə xidmət keyfiyyətini təkmilləşdirir”.