Bakı. Hüseyn Vəliyev - Trend:
ADA Universiteti “ağıllı” və “yaşıl” texnologiyalar baxımından kifayət qədər güclü inkişaf edib.
Trend-in məlumatına görə, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı Universitetin rektoru Hafiz Paşayev deyib.
O bildirib ki, alternativ enerji qismində geotermal texnologiyalar istifadə olunur:
“Bu, bizə qənaət etməyə və tələbələrimizin bacarıqlarının artmasına imkan yaradır”.
Rektor əlavə edib ki, tələbə şəhərciyi yaradılarkən prioritet “ağıllı” və “yaşıl” texnologiyaların tətbiqi olub:
“Bu gün biz bu sahədə müəyyən mənada müsbət nəticələrə nail ola bilmişik. Hazırda universitetin daha iki korpusunun tikintisi aparılır. Burada da həmin texnologiyalar tətbiq olunacaq”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.