Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi bütün Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.
Nazirin sözlərinə görə, Bolqarıstanın üstünlüyü “Cənub Qaz Dəhlizi”nin Cənub-Şərqi Avropadan keçməsidir:
“Bu təkcə ölkəmizin yox, həm də bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bolqarıstan “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsidir və təbii qaz mənbələrinin və tədarük marşrutlarının real şaxələndirilməsini təmin edən qaz layihələri üzərində işləməkdə davam edəcək”.