...

Dünya Bankı və IFC dənizdə külək enerjisi layihələrinin reallaşdırılması ilə bağlı Azərbaycanla əməkdaşlıq edə bilər (ÖZƏL)

Energetika Materials 28 İyun 2021 17:57 (UTC +04:00)
Dünya Bankı və IFC dənizdə külək enerjisi layihələrinin reallaşdırılması ilə bağlı Azərbaycanla əməkdaşlıq edə bilər (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilk dənizdə külək enerjisi layihələrinin reallaşdırılması ilə bağlı Azərbaycanla əməkdaşlıq edə bilər.

Bunu Trend-ə IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, 2021-ci ilin aprelində IFC Azərbaycan Energetika Nazirliyi ilə anlaşma memorandumu imzalayıb:

"Bu sənədə əsasən, IFC və Dünya Bankı növbəti 9-12 ay ərzində dənizdə külək enerjisi potensialının qiymətləndirilməsində və ölkə üçün "yol xəritəsi"nin hazırlanmasında nazirliyə kömək edəcək. Bu əməkdaşlığın növbəti mərhələsi ilk layihələrin konseptual hazırlanmasını və reallaşdırılmasını əhatə edəcək"

A.Əzimova bildirib ki, özəl sektorun iştirakı ilə dənizdə külək enerjisinin tədqiqi və inkişafında Azərbaycana kömək etməklə IFC və Dünya Bankı ölkənin enerji keçidini dəstəkləmək və enerji sektorunda rəqabəti stimullaşdırmaq niyyətindədir.

IFC nümayəndəsi əlavə edib ki, Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycanın elektrik enerjisi sektorunun islahatı proqramı çərçivəsində topdan və pərakəndə elektrik enerjisi bazarının yaradılması üzərində işləyir:

"Məqsəd şəffaf kommersiya və normativ bazanın, eləcə də milli və regional rəqabətqabiliyyətli bazarlarda elektrik enerjisi ticarətinə kömək edəcək enerji birjasının yaradılmasıdır".

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti