...

Günəş elektrik stansiyalarının tikintisi Azərbaycana dayanıqlı enerji balansı yaratmağa imkan verəcək

Energetika Materials 16 Mart 2022 17:03 (UTC +04:00)
Günəş elektrik stansiyalarının tikintisi Azərbaycana dayanıqlı enerji balansı yaratmağa imkan verəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 15-də Bakıda Azərbaycanla “Masdar” şirkəti (BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə dörd anlaşma memorandumu imzalanıb.

İmzalanan sənədlər çərçivəsində yaxın 1,5 il ərzində Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Layihənin investisiya dəyəri 225 milyon dollar təşkil edir.

Eyni zamanda, memorandumlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” və təmiz enerji məsələlərinin işlənməsini nəzərdə tutur. Kəlbəcər-Laçın zonasında 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda, xarici investisiyalar hesabına regionda günəş enerjisini inkişaf etdirmək nəzərdə tutulur.

İldə 3 milyard kilovatt/saat gücündə olacaq Qaradağ günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycana ildə 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

"Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığı onun regional və beynəlxalq iqtisadi arenada mövqelərini möhkəmləndirəcək".

Bunu Trend-ə ekspert İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq Azərbaycanın xarici iqtisadi fəaliyyətinin vacib komponentidir.

“Bu təşəbbüslərin reallaşdırılması ölkəmizə BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrlə xarici iqtisadi fəaliyyəti şaxələndirməyə, ərəb ölkələri və Yaxın Şərqin aparıcı iqtisadiyyatları ilə əlaqələri aktivləşdirməyə imkan verəcək. Bu, həm də Azərbaycanın regional və beynəlxalq iqtisadi arenada mövqelərini möhkəmləndirəcək”, - deyə o bildirib.

Ekspert deyib ki, bu layihə həm də Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və müxtəlif mənbələrdən elektrik enerjisi istehsalına yönəlib.

“Mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Qeyd etək lazımdır ki, günəş elektrik stansiyalarının tikintisi Azərbaycana dayanıqlı enerji balansı yaratmağa, ənənəvi enerji mənbələrini qeyri-ənənəvi mənbələrlə əvəz etməyə, “yaşıl” enerji ilə bağlı milli göstəriciləri təkmilləşdirməyə və yeni texnologiyaların ölkənin enerji sisteminə tətbiqi prosesini stimullaşdırmağa imkan verəcək”, - ekspert deyib.

Öz növbəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini İqbal Quliyev bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkəyə iqlim sahəsində məqsədlərə çatmasına xidmət edir.

O bildirib ki, bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyinin artırılması daxili neft və qaz istehlakını azaldacaq.

“Bu isə karbohidrogen ixracı həcmlərinin artırılmasından əlavə gəlirlər qazanmağa imkan verəcək”, - deyə o qeyd edib.

Son illərdə qlobal iqlim çağırışları, aparıcı ölkələrin “yaşıl” enerji və “yaşıl” iqtisadiyyat sahələrində ambisiyalı öhdəliklərı və strategiyaları enerji sektoruna mühüm təsir göstərir. Azərbaycan “yaşıl” enerji siyasəti ilə bağlı aydın yanaşma, hədəf və tapşırıqlara malikdir. Azərbaycan “yaşıl” enerjiyə, ekoloji təmiz enerji texnologiyalarına, hidrogen istehsalına və bərpa olunun enerji mənbələrinə keçidlə bağlı məqsədləri dəstəkləyir. Bu istiqamətlər Azərbaycanın milli sosial-iqtisadi inkişaf prioritetlərinin vacib hissəsidir. Əlbəttə, martın 15-də imzalanmış memorandumlar bu prioritetlərin icrasına mühüm töhfə verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti