Bakı. Trend:
Böyük Britaniya enerji, infrastruktur, kənd təsərrüfatı, İKT, səhiyyə, o cümlədən maliyyə və peşəkar xidmətlərə Azərbaycanla əməkdaşlıq üçün ən perspektivli sahələr kimi baxır.
Bunu Trend-ə özəl müsahibəsində Əlahəzrətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo deyib.
"Biz hökumətlərarası birgə komissiyamız vasitəsilə inkişafına kömək etmək istədiyimiz iqtisadiyyatın altı sektorunu müəyyən etdik", - deyə K.Poleo bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında 2021-ci ilin aprelindən 2022-ci ilin martına qədər ümumi mal və xidmət ticarəti 1,1 milyard funt sterlinq təşkil edib.
O qeyd edib ki, Böyük Britaniyadan Azərbaycana ixraca əsasən texnologiya, mühəndis avadanlıqları və neft texnikası, eləcə də xidmətlər daxildir.
"30 illik ikitərəfli münasibətlərdə Böyük Britaniya Azərbaycanda yeganə ən böyük birbaşa xarici investor olub. Təkcə BP 84 milyard dollar investisiya qoyub. 2021-ci ildə biz Prezident İlham Əliyevlə razılaşdıq ki, gələcəkdə diqqətimiz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dəstəklənməsinə yönəldiləcək", - deyə o, əlavə edib.
Bundan əlavə, Böyük Britaniya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işinə dəstək verən ilk beynəlxalq tərəfdaşdır. Bu, Böyük Britaniya hökumətinin Azərbaycana dəstək verdiyi ən mühüm proqramlardan biridir.
Bərpa olunan enerji mənbələri Azərbaycan-Britaniya əməkdaşlığında daha bir prioritet olduğunu deyən ticarət komissarı qeyd edib ki, Böyük Britaniya BP-nin Azərbaycanın bərpa olunan enerji sektorunda iştirakını genişləndirməsindən məmnundur.
"Bu baxımdan, biz Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair razılaşmanı alqışlayırıq və onun tamamlanmasını səbirsizliklə gözləyirik", - deyə K.Poleo bildirib.
"Mən həmçinin ümid edirəm ki, hökumət BP-nin işləyib hazırladığı karbonsuzlaşdırma ilə bağlı tövsiyə və təklifləri özündə əks etdirən baş plandan ən yaxşı şəkildə istifadə edəcək", - deyə ticarət komissarı əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan böyük bərpa olunan enerji potensialına malikdir və bu, Böyük Britaniya-Azərbaycan enerji əməkdaşlığının genişləndirilməli olduğu sahədir.
"Təmiz enerji sahəsində potensiala malik 40-dan çox Böyük Britaniya şirkəti artıq yerlərdə fəaliyyət göstərir. Onlar bazarı bilirlər və Azərbaycana bərpa olunan enerji məqsədlərinə nail olmaqda kömək etmək üçün təcrübəyə malikdirlər. Biz Böyük Britaniyanın aparıcı şirkətlərini xalis artım, dəniz külək enerjisi və karbonsuzlaşdırma haqqında danışmağa dəvət edərək ilk enerji keçidi üzrə konfransımızı keçirdik. Bu, açıq şəkildə göstərir ki, Britaniya şirkətləri Azərbaycan bazarına maraq göstərir və istənilən vaxt və lazım olan yerdə öz məhsul və xidmətlərini təqdim etməyə hazırdırlar", - deyə o qeyd edib.
K.Poleo əlavə edib ki, Böyük Britaniya həmçinin dəniz külək enerjisindən istifadə sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
"Dünyanın ən böyük quraşdırılmış dəniz külək enerjisi güclərindən birinə və Avropada ən böyük layihələrə malik ölkə kimi biz sektorun inkişafı sahəsində ölkəmizin təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq", - deyə ticarət komissarı bildirib.
K.Poleo qeyd edib ki, Böyük Britaniya həmçinin bu ilin iyun ayında Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə başladılan Azərbaycan üçün dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edib.
"Həmin ayın sonunda Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın Beşinci Sessiyası çərçivəsində biz nazir Şahbazovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Kinkardayndaki elektrik şəbəkəsinə qoşulmuş dünyanın ən böyük üzən dəniz külək enerjisi stansiyasına səfərini təşkil etdik. Böyük Britaniya 2050-ci ilə qədər sıfır tullantıya nail olmağı hədəfləyir ki, bu da bizim geniş spektrdə bərpa olunan enerjidən istifadə texnologiyaları üzrə imkanlarımızı genişləndirdiyimizi bildirir. Hökumətlərarası işçi qrupumuz vasitəsilə biz Azərbaycana təmiz enerji sektorunu inkişaf etdirməyə kömək etmək üçün Böyük Britaniyanın təcrübəsini fəal şəkildə bölüşürük", - deyə ticarət komissarı bildirib.
K.Poleo qeyd edib ki, ümumiyyətlə, Azərbaycan, eləcə də Mərkəzi Asiya ilə əməkdaşlıq Böyük Britaniya üçün yüksək prioritetdir.
"Şərqi Avropa və Mərkəzi Asiyanın 14 ölkəsində ticarət işlərinə nəzarət edirəm. Son rəqəmlər göstərir ki, Böyük Britaniya ilə bu 14 ölkə arasında ticarət əlaqələri 44 milyard funt sterlinq səviyyəsində qiymətləndirilir. Mərkəzi Asiya uğurlarımızın əsas hissəsidir. Buna görə də biz son vaxtlar Qazaxıstan və Özbəkistana daha çox ticarət resursları sərmayə qoymuşuq və hesab edirik ki, burada daha çox iş görmək olar", - deyə ticarət komissarı bildirib.
Bundan əlavə, ticarət komisarı qeyd edib ki, Mərkəzi Asiyanın əsas nəqliyyat marşrutlarından biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) buraxılış qabiliyyətinin artırılması Böyük Britaniya hökuməti üçün Şərqdən Qərbə tədarük marşrutlarını şaxələndirmək üçün prioritetdir.
Onun sözlərinə görə, Orta Dəhliz kimi də tanınan TİTR bütün regionun iqtisadiyyatı üçün vacibdir.
"Bu, Çindən Avropaya ixrac üçün alternativ və ya əlavə tranzit marşrutu ola bilər. Region ölkələri TİTR-in potensialının artırılması üzərində ciddi işlərə başlayıblar. Biz başa düşürük ki, potensialın inkişaf etdirilməsi və marşrut boyu müxtəlif inzibati və texniki problemlərin həlli, məsələn, sənəd dövriyyəsi sistemi və marşrut ölkələrinin gömrük sistemlərinin inteqrasiyası, gəmilərin tutumunun artırılması üçün sərmayələrə ehtiyac var", - deyə ticarət komissarı bildirib.
K.Poleo qeyd edib ki, bunun üçün Transxəzər marşrutu ölkələrinin birgə səyləri tələb olunub və Böyük Britaniya istər rəqəmsallaşdırma, istərsə də limanların potensialının artırılması, maliyyələşdirmənin təmin edilməsinə köməklik, özəl sektorun cəlb edilməsi və ya dəmir yolunun işinin optimallaşdırılmasına köməklik göstərilməsi kimi sahələrdə lazımi dəstəyi göstərməyə hazırdır,