...

TAP 2022-ci ildə İtaliyada qaz istehlakının mühüm hissəsini qarşılayıb

Energetika Materials 3 İyul 2023 16:31 (UTC +04:00)
TAP 2022-ci ildə İtaliyada qaz istehlakının mühüm hissəsini qarşılayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) 2022-ci ildə İtaliyada qaz istehlakının 15 faizini qarşılayıb.

Trend xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti deyib.

O, "Dayanıqlı gələcək" forumundakı çıxışında qeyd edib ki, TAP öz ötürücülük imkanlarını mərhələli şəkildə 20 milyard kubmetrədək genişləndirə bilər.

"Biz artıq genişləndirmənin birinci mərhələsini başlatmışıq və 2026-cı ildən əlavə olaraq 1,2 milyard kubmetr qaz əlçatan olacaq. Cənub Qaz Dəhlizinin və TAP-ın strateji əhəmiyyəti Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsini və TAP-ın ötürücülük imkanlarının artırılmasını nəzərdə tutan REPowerEU planında təsdiq olunub. Biz TAP ilə göstərdik ki, tranzit ərazilərin xüsusiyyətlərini tam nəzərə almaqla strateji enerji infrastrukturunu inşa etmək mümkündür", - o deyib.

İcraçı direktor qeyd edib ki, TAP-ın imkanlarının genişləndirilməsi hidrogenin və təbii qazla qarışmış digər bərpa olunan qazların yeni həcminin nəqlinə imkan verməklə İtaliyanın və bütün Avropanın enerji və iqlimlə bağlı ambisiyalarının reallaşmasına səbəb ola bilər.

"Kommersiya əməliyyatları başladıqdan etibarən TAP vasitəsilə Avropaya 25 milyard kubmetrdən çox qaz nəql olunub. Bunun 21 milyarddan çoxu İtaliyaya çatdırılıb ki, bu da tədarüklərin etibarlılığını artırmağa kömək edib", - deyə Luka Skyepatti əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti