Bakı. Trend:
Qaz mənbələrini şaxələndirmək üçün infrastruktur, o cümlədən çatdırılma marşrutları inkişaf etdirilməlidir.
Trend xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
"Enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir. Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir. Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün artırılması xahişi ilə Aİ-yə müraciət etmişik", - o deyib.
Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)