Bakı. Trend:
"SOCAR Trading" Avropanın 16 ölkəsinə karbohidrogen tədarük edir.
Trend xəbər verir ki, bu barədə "SOCAR Trading"in qlobal biznesin inkişafı şöbəsinin rəhbəri Toğrul Köçərli 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
Onun sözlərinə görə, "SOCAR Trading" qaz satışı baxımından təkcə boru kəməri tədarüklərindən kənara çıxır və yalnız Azərbaycan qazını deyil, həm də üçüncü ölkələrin qazının (o cümlədən, maye təbii qazın) ticarətini həyata keçirir.
Qeyd edək ki, maye təbii qaz (MTQ) satışı üzrə ilk təcrübə Maltaya (istilik stansiyasına) qazın uzunmüddətli tədarükü olub, lakin digər istiqamətlər də inkişaf etdirilir.
"SOCAR Trading" həmçinin əsas şirkəti olan SOCAR üçün bazar icmalı və marketinq araşdırması aparır ki, bu da onun optimal kommersiya qərarları qəbul etməsinə və dünya bazarının qazıntı yanacağına tələbatına operativ cavab verməkdə kömək edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)