Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Xorvatiyaya 666,6 milyon dollar dəyərində 1,255 milyon ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,8 milyon ABŞ dolları və ya 23,7 faiz, həcm baxımından isə 181 min ton və ya 12,6 faiz azdır.
Belə ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Xorvatiyaya ümumilikdə 873,4 milyon ABŞ dolları dəyərində 1,436 milyon not neft və neft məhsulları ixrac olunmuşdu.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
