...

Şəki elektrik stansiyası avqust ayında istismara veriləcək

Energetika Materials 23 İyun 2006 14:06 (UTC +04:00)

Bakının dəniz limanına Şəkidə tikilən modul elektrik stansiyası üçün generatorlar gətirilib. Trend in Azərenerji SC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hazırda gəmilər boşaldılır. Gömrük sənədlərinin rəsmiləşdirilməsindən sonra avadanlıq dislokasiya yerinə çatdırılacaq. Bu işlə layihə üzrə baş podratçı Finlyandiyanın Wartsila şirkəti məşğul olacaq. Hazırda elektrik stansiyasına lazım olan 10 generatordan 5-i artıq çatdırılıb. Qalanları qısa zamanda gətiriləcək.

Şəki enerji qovşağının direktoru Qulam Əsədovun sözlərinə görə, obyekt generatorların qəbuluna hazırdır. Onlar xüsusi hazırlanmış meydançaya boşaldılacaq və mərhələlər üzrə montaj olunacaqlar. İlk 5 generator "B" maşın zalında yerləşdiriləcək. Burada artıq bütün kommunikasiyalar çəkilib. Bununla yanaşı, "A" maşın zalının hazırlığı üzrə işlər də tamamlanacaq və qalan 5 generatorun qəbulu üçün hazır olacaq. Hazırda bu hazırlıq ümumi həcmin 60-70%-i səviyyəsində qiymətləndirilir. Ehtimal olunur ki, Şəkiyə ilk generatorlar iyunun 25-i, ikinci dəfə isə iyulun 8-i gətirilib. Montaj işləri 5 gün çəkəcək. Beləliklə, hər iki maşın zalı iyulun ortalarına qədər sınaqdan keçəcəklər.

Obyekt ərazisində 110 kilovatlıq yarımstansiyanın tikintisi tamamlanıb. Bu yarımstansiya burada hasil edilən elektrik enerjisinin enerji sisteminə ötürəcək. Hazırda modul generatorları üçün elektrik stansiyasına təbii qaz çatdıracaq qaz kəməri çəkilir.

"İşlərin yüksək tempi qorunarsa, Şəki elektrik stansiyası avqust ayında istismara hazır olacaq", - deyə Q.Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti