Bakı, Azərbaycan/ Trend müxbir A.Bədəlova/ "Kommersant" qəzetinin beynəlxalq siyasət şöbəsinin redaktoru Azər Mürsəliyev hesab edir ki, Rusiya və Belarus arasındakı münasibətlərdə Belarus prezidenti Aleksandr Lukoşenkoya psixoloji təsir var.
"Rusiya və Belarus arasındakı danışıqlar müəyyən qədər hiylə xarakteri daşıyır", - deyə Mürsəliyev söyləyib. "Qazprom" hələlik Belarusa qaz tədarükünü azaltmayacaq, belə ki, "Beltransqaz" rus qaz inhisarı qarşısında borcuna görə birinci ödəməni həyata keçirib. Şirkət nümayəndələri bildiriblər ki, Belarusa bir həftə vaxt verilib ki, 460 mln. dollar dəyərində olan bütün borc rus şirkətinin balansına köçürülsün.
Mürsəliyevin sözlərinə görə, bu Azərbaycanda yaranmış vəziyyətlə oxşar deyil. Azərbaycan Rusiya qazından imtina etdi, amma Belarusun Azərbaycandan fərqli olaraq neft və qaz ehtiyatları yoxdur. Digər bir mühüm fərq ondan ibarətdir ki, Rusiya qazının böyük hissəsi Avropaya Belarusdan keçməklə gedir.
"Bu xüsusiyyət Rusiya və Belarus arasınadakı qarşılıqlı münasibətləri bir çox məsələdə əvvəlcədən müəyyənləşdirir. Bu ölkələr qarşılqlı asılıdırlar və vaxtaşırı olaraq bu cür əsəb müharibəsi baş verir",-deyə redaktor söyləyib.
Mürsəliyev həmçinin qeyd edib ki, avqustun əvvəlində Belarusda havanın temperaturu elədir ki, ölkə müəyyən müddət qazsız qala bilər.
Onun sözlərinə görə, Belarus digər ölkələrə qaz kəmərinin çəkilməsinin təşəbbüskarı ola bilər, amma kəmər ya Rusiya ərazisindən keçməlidir, ya da bu cür bahalı layihələr daha çox siayasi olacaqlar, nəinki iqtisadi.
"Digər ölkələrə qaz kəmərinin çəkilməsi təşəbbüsü Belarus tərəfindən həmçinin İran və Azərbaycana münasibətdə də yönələ bilər. Amma bu nə qədər realdır və hansı marşrutlar olacaq - bunlar hamısı uzaq gələcəyin işidir", - deyə Mürsəliyev söyləyib.