Bakı. Trend:
2026-cı ildə Azərbaycan banklarının kapital göstəriciləri, böyük ehtimalla sabit qalacaq. Adekvat rentabellik və riskə uyğunlaşdırılmış aktivlərin mülayim artımı iri banklarda əhəmiyyətli dividendlərin ödənilməsi ilə kompensasiya olunacaq.
Trend bu barədə “Fitch” reytinq agentliyinin hazırladığı hesabatına istinadən məlumat verir.
“Bizim gözləntilərə görə, “Tier 1” normativ əmsalı (Öz kapitalının kifayətliliyi— bankın öz kapitalının riskə uyğunlaşdırılmış aktivlərə nisbəti) 2026-cı ildə təxminən 14% səviyyəsində olacaq (2025-ci ilin III rübünün sonu: 14,6%), bu isə minimum normativ səviyyədən xeyli yüksəkdir — 5% (sistemik əhəmiyyətli banklar üçün 6%). Likvidlik buferləri, o cümlədən valyuta buferləri, güclü qalmalıdır və sektor üzrə orta xalis kreditlərə nisbət təxminən 80% təşkil edəcək”, - deyə “Fitch” hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, bankların rentabelliyi geniş marjlar sayəsində dəstəklənəcək, baxmayaraq ki, onlar 2026-cı ildə qısamüddətli depozit bazasının genişlənməsinin davam etməsi səbəbindən təxminən 50 baza bəndi qədər daralacaq.
"Bu, kreditlərin dəyərsizləşməsinə qarşı gözlənilən ehtiyat artımı ilə birlikdə əməliyyat rentabellik göstəricilərinin azalmasına səbəb olacaq, lakin Fitch qiymətləndirməsinə görə bu göstəricilər sağlam səviyyədə qalacaq", - hesabatda vurğulanır.
