...

Metanın qlobal istiləşməyə potensial zərəri karbon dioksiddən 80 dəfə çoxdur - AÇIQLAMA

Yaşıl iqtisadiyyat Materials 29 Fevral 2024 13:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Uzun müddət ərzində (30 il və ya daha çox) dünyanın müxtəlif yerlərində hava şəraitinin dəyişməsi iqlim dəyişikliyidir. Sual etsək ki, biz niyə bu gün pəncərəmizdən baxanda iqlim dəyişikliyini görə bilmirik? səbəb budur ki, bu, uzunmüddətli prosesdir.

Bunu Trend-ə açıqlamasında “Environmental Protection First” Koalisiyasının üzvü, COP29-un Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki,1750-ci illərdə sənaye inqilabı zamanı insanlar benzin, qaz, kömürdən çox istifadə etməyə başladılar.

"Bu, atmosferimizdə karbon qazı emissiyalarının səviyyəsinin artmasına səbəb oldu. 1950-ci illərdə, yəni İkinci Dünya Müharibəsindən sonra insanlar avtomobillərdən daha çox istifadə etməyə başlayanda, CO2 səviyyələrində güclü artım oldu. Tarixdə bu iki məqam müəyyən mənada iqlim böhranının başladığı vaxtdır.

O vaxtdan bəri dünya əhalisi üç dəfə artıb. Daha çox mədən yanacağı yandırılır, daha çox miqdarda karbon qazı buraxılır. Beləliklə, indi günəşin enerjisi yerə çatdıqda, onun bir hissəsi kosmosa qayıtmalı olduğu halda, bizim qaz örtüyümüz CO2, metan və s. sayəsində istilik yer atmosferində tutulub qalır və orta temperaturun yüksəlməsinə və ya qlobal istiləşməyə səbəb olur. Buna istixana effekti də deyilir.

CO2 və digər istixana qazlarının bu dərəcədə artması sənaye dövründən əvvəlki ilə müqayisədə, orta qlobal temperaturun ən azı 1,1 dərəcə artmasına səbəb olub", - deyə P.Vəliyeva əlavə edib.

Ekspert qeyd edib ki, bir neçə əsr ərzində orta hesabla cəmi 1,1 dərəcə istiləşmənin olması böyük səslənməsə də, Hindistanda bəzi yerlərdə yay fəslində 10-15 dərəcə daha çox istiləşmə olur.

"Şimal qütbünün yaxınlığındakı buzlu bölgədə buzlar əriməyə başlayıb. Əriyən buz okeanlara daha çox su əlavə edir və okeanlar istiləşir, böyüyür və daha çox yer tutur. Beləliklə, genişlənən isti okeanlar buzlaqlar və buz təbəqələri kimi onların yaxınlığındakı quruda olan nəhəng buz bloklarına toxunur və hər şey əriməyə başlayır ki, bu da suyun səviyyəsinin qalxmasına səbəb olur. Alimlər deyirlər ki, orta dəniz səviyyələri 1880-ci ildən bəri xeyli artıb və bu artımın təxminən böyük hissəsi təkcə son 25 ildə baş verib.

2015-ci ildə Fransanın paytaxtı Parisdə dünya liderləri COP21 çərçivəsində razılaşma imzaladılar. Paris Razılaşması qlobal temperatur artımını 2°C-dən çox aşağı səviyyədə məhdudlaşdırmağı, eyni zamanda, onu 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün mövcud və mümkün səyləri davam etdirməyi hədəfləyir. Bəzi tərəflərin netto-sıfır emissiya hədəfləri də var. Məsələ qlobal olduğu üçün hər ölkə öz hədəflərini müəyyən etməlidir.

BMT-in İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (İPCC) 2019-cu il hesabatı qiymətləndirdi ki, metanın qlobal istiləşməyə potensial zərəri, təsirlər 20 il ərzində ölçüldükdə, ekvivalent olan karbon dioksid miqdarından 80 dəfə çoxdur. IPCC-nin son hesabatına görə, təbii qazın əsas komponenti olan metan dünyanın enerji təchizatından yaranan bütün istixana qazı emissiyalarının təxminən 18%-ni təşkil edir.

Metan, həmçinin, zibilliklərdə, kənd təsərrüfatında və parçalanma kimi təbii proseslərdə də əmələ gəlir.2030-cu ilə qədər antropogen metan emissiyalarını 30% azaltmaq kimi GMP məqsədinə nail olmaq yaxınmüddətli istiləşməni azaltmağın ən sürətli yoludur və 1,5°C temperatur həddini saxlamaq üçün çox vacibdir.

COP28 çərçivəsində Qlobal Metan Öhdəliyi Nazirləri 2030-cu ilə qədər metanın emissiyasının 2020-ci il səviyyəsindən ən azı 30 faiz azaldılması hədəfinə çatmaq üçün öhdəlik götürdülər. COP28 çərçivəsində Qlobal Metan Öhdəliyi (GMP) tərəfdaşları yeniliklərə imza atdılar:

1. 1 milyard dollardan çox maliyyə səfərbər edilib ki, bu da metanı azaltmaq üçün milyardlarla investisiyanı səfərbər edəcək.

2. Tullantılar, ərzaq və kənd təsərrüfatı ilə bağlı həlledici tədbirlərlə yanaşı, əsas neft və qaz metan emissiyasına malik ölkələr yeni milli öhdəliklər götürməli və qanunvericilikdə dəyişiklik etməlidir.

3. Metan Xəbərdarlığı və Cavab Sisteminin tam işə salınması və Metanla mübarizə Kampaniyası üçün yeni Data daxil olmaqla, transformasiyaedici məlumat vasitələri hazırlamaq.

4. Yeni üzvlər və genişləndirilmiş rəhbərlik. Kanada, Mikroneziya Federativ Dövlətləri, Almaniya, Yaponiya və Nigeriya ABŞ və Avropa İttifaqına Qlobal Metan Öhdəliyi Çempionları kimi qoşuldular. Türkmənistan, Qazaxıstan, Keniya, Rumıniya və Anqola da Öhdəliyə qoşularaq öhdəlikdə iştirak edən ölkələrin sayını 155-ə çatdırdılar.

5. 49 neft və qaz istehsal edən şirkət 2030-cu ilədək metanın emissiyasının azalmasında razılaşdılar.

Qlobal istiləşməni azaltmağın ən sürətli və yaxın müddətli yolu metan emissiyasını azaltmaqdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti