Bakı. Trend:
Azərbaycandan "yaşıl" enerjinin Gürcüstan və Qara dəniz vasitəsilə Avropa İttifaqına (Aİ) tədarükü üzrə "Black Sea Energy Project" layihəsinin inkişafı Cənubi Qafqaz və Aİ arasında elektrik və hidrogen formasında karbonsuzlaşdırılmış enerjinin ticarətini təşkil etməyə imkan verəcək.
Trend xəbər verir ki, bu barədə İtaliyanın "Black Sea Energy Project" layihəsi üzrə məsləhətçi olan "CESI S.p.A." şirkətinin biznesin inkişafı üzrə direktoru Andrea Meola sosial şəbəkədə məlumat paylaşıb.
"May ayında Tbilisidə bu layihənin həyata keçirilməsinə dair Strateji Tərəfdaşlığın yeddinci nazirlər görüşü keçirilib. Şirkətimiz texniki məsləhətçi olaraq bu layihənin inkişafının texniki aspektlərinə dair məlumat verib. Planlaşdırılan "yaşıl" enerji dəhlizinin Cənubi Qafqaz və Aİ arasında "yaşıl" elektrik enerjisi və hidrogen ticarətinə imkan verəcək əsas enerji infrastrukturu olacağından əminik", - o deyib.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)