Bakı. Trend:
Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platforma və milli standart üzrə gələcək hədəflərimiz maraqlı tərəflərin fəal iştirakını təmin etmək və onlara qarşılıqlı əlaqə üçün lazımi şərait yaratmaqla platformanı inkişaf etdirməkdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.
"Xüsusilə ESG üzrə vahid platformanın yaradılmasının və onun davamlı inkişafın təmin edilməsi baxımından vacib rolunun önəmini vurğulamaq istərdim. Platformanın qısa müddət ərzində yaradılması nəzərə alındıqda, iştirak edən tərəflərin belə təsirli nəticələrə nail olmaq üçün effektiv əməkdaşlıq qurduqlarını əminliklə söyləmək olar. Bizim növbəti məqsədlərimiz platformanı inkişaf etdirmək, maraqlı tərəflərin fəal iştirakını təmin etmək və onlara qarşılıqlı əlaqə üçün lazımi şərait yaratmaqdır. Biz, platformanın yalnız yerli səviyyədə deyil, qlobal səviyyədə də tanınmasını hədəfləyirik. Ümid edirik ki, bu təşəbbüs, dövlət və biznes arasında effektiv dialoqun nümunəsi olaraq ilham verəcək və yalnız bizim regionda deyil, daha geniş kontekstdə də müsbət qarşılanacaq", - Vüsal Şıxəliyev bildirib.