Bakı. Trend:
İnanıram ki, müzakirəçilərimiz inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı barədə razılığa gələcəklər.
Trend xəbər verir ki, bunu Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç COP29-da jurnalistlərə bildirib.
"Biz Bakıda olmağımızdan çox məmnunuq. Bu, son 12 ayda mənim ikinci səfərimdir. Əminəm ki, Azərbaycan daha inkişaf etmiş və daha az inkişaf etmiş ölkələr arasında körpü rolunu oynamaqda mühüm əhəmiyyətə malikdir. Onun coğrafi mövqeyi, enerji resursları və ehtiyatları ona dünya xəritəsində önəmli yer təmin edir", – Andrey Plenkoviç vurğulayıb.
O, həmçinin, qeyd edib ki, Xorvatiya 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 29 faizdən 42 faizə artırmağı hədəfləyir.
"Müzakirələr müddətində burada qalacaq müzakirəçilərimizin inkişaf etməkdə olan ölkələrə yardım üçün maliyyə mənbələrinin bərpası barədə razılığa gələcəyinə əminəm.
Qlobal reallıqları və sənaye inkişafında öz prioritetləri olan bütün ölkələrin xüsusi ehtiyaclarını nəzərə almaq vacibdir. Əks halda, uşaqlarımız və nəvələrimiz yaxın onilliklərdə iqlim dəyişikliyi və ekstremal hava hadisələri ilə bağlı çətinliklərlə üzləşə bilərlər", – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.