Azərbaycan, Bakı, 02 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azerfon" BM ("Nar Mobile" ticarət nişanlı) şirkətə yeni rəhbərin təyinatı barədə məlumat verib. BM-in məlumatında bildirilir ki, may ayından Gido Helbiç şirkətin baş direktoru vəzifəsində Con Armlini əvəz edib.
"Azərbaycanın GSM bazarında əsaslı dəyişikliklər edən, dinamik və sağlam rəqabət yaradan və çox qısa zamanda 500 mindən çox abunəçinin etibarını qazana bilən bir şirkətə rəhbərlik etmək mənim üçün böyük fəxr və şərəf idi" - deyə Armli bildirib.
" "Azerfon" şirkətinin düzgün strategiyasını davam etdirmək üçün mən əlimdən gələni etmək niyyətindəyəm. Aydındır ki, qarşımızda hələ çox işlər durur. Inanırıq ki, "Azerfon" məqsədli şəkildə inkişafını davam etdirəcək və yaxın gələcəkdə bazarda ən qabaqcıl mobil operatorlardan birinə çevriləcək. Bu bizim əsas məqsədimizdir və mən bunun həyata keçməsi üçün əlimdən gələni edəcəyəm", - deyə şirkətin yeni baş direktoru Helbiç bildirib.
Helbiç Şərqi Avropada MDB ölkələri üzrə (Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Türkmənistan) telekommunikasiya sahəsində 15 illik geniş iş təcrübəsinə malikdir. Bundan əvvəl o, Azerfon MMC-də Baş Direktorun müavini vəzifəsində çalışıb.
"Azerfon" 2005-ci il dekabrın 30 - da Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün ölkənin Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyindən lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixindən başlayıb. Bu gün "Nar Mobile" abunəçilərinin sayı 500 min nəfərdir. Hazırda şirkətin şəbəkəsi Azərbaycan ərazisinin 80 faizini əhatə edir.