Azərbaycan, Bakı, 17 noyabr/ Trend / Azərbaycanın mobil operatoru Azerfon MMC (Nar Mobile ticarət nişanı) bazar ertəsi Nar Mobile abonentlərinin ödənişdən istifadə müddətini, eləcə də daxil olan zənglərin müddətini uzadıb.
Şirkətin məlumatında deyilir ki, bu il noyabrın 15 - dən abunə haqqı olmayan öncədən ödənişli tarif planlarının (Rəngarəng Zövqlər 1 və 2, Həvəskar, Tələbə, Nar Mobile Məkanı) abunəçilərinin balansa yüklədikləri 2 AZN və daha yüksək nominallı ödəniş kartları üçün istifadə müddəti 180 gün təşkil edəcək. Tətbiq edilən ödənişlərdən yeni istifadə müddəti bütün növ qabaqcadan ödənişli tarif planlarının istifadəçiləri üçün nəzərdə tutulub.
180 günlük ödəniş müddəti bitdikdə nömrə 90 gün davam edən Birtərəfli Qadağa Statusuna keçəcək. Bu müddət ərzində balans artırılmasa, nömrə 90 gün davam edən İkitərəfli Qadağa Statusuna keçəcək. Qeyd olunan 360 gündən sonra balans artırılmazsa, nömrəyə xidmət göstərilməsi dayandırılacaq.
Abunə haqqı olan qabaqcadan ödənişli tarif planları (Xoş Xəbər, Məqsədə Doğru) abunəçilərinin 180 gün davam edəcək Birtərəfli Qadağa Statusunda balansı bu müddət ərzində artırılmasa, nömrə daha 90 gün ərzində İkitərəfli Qadağa Statusunda olacaq. Göstərilən 270 gündən sonra nömrəyə xidmətin göstərilməsi dayandırılacaq.
Ölkədə yeni GSM operatoru olan AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci ildə lisenziya alıb. Şirkət kommersiya fəaliyyətinə 21 mart 2007 - ci ildə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 850 mindən çox abunəçi istifadə edir.