Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir H. Vəliyev /
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət poçt operatorunun mülkiyyət formasını məhdud məsuliyyətli cəmiyyətə çevirib.
Azərbaycanda poçt rabitəsinin inkişafında yeni mərhələ SSRİ-nin dağılması və dövlət müstəqilliyinin əldə olunmasından sonar başlayıb. Poçt xidmətləri "Azərpoçt" birgə müəssisəsi tərəfindən göstərilməyə başlayıb.
2005-ci ildən Azərbaycanda Dünya Bankının dəstəyi ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi həyata keçirilir. Layihənin bu ilin sonunadək başa çatdırılması planlaşdırlır və artıq yeni ildə yeni xidmətlərin göstərilməsinə başlanacaq.
Proqrama görə, ölkənin poçt şöbələri ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank xidmətləri də göstərə bilər. Birinci mərhələdə poçt şöbələri kassa əməliyyatları, pul köçürmələri, müxbir hesablarının açılması kimi məhdud bank əməliyyatları aparacaq. İkinci mərhələ depozitlərin cəlb edilməsi imkanlarını nəzərdə tutur. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi nəzərdə tutulur.
"Azərpoçt" artıq şöbələrini Mərkəzi Bankda yaradılmış vahid komunal ödəmə sisteminə qoşmağa başlayıb. Bu günədək şəbəkəyə təxminən 100 poçt şöbəsi qoşulub. Hazırda "Azərpoçt" şəbəkəsində 1536 poçt şöbəsi var. Onlardan 337-si şəhər, rayon mərkəzləri və qəsəbələrdə, 1199-u isə kəndlərdə əhaliyə xidmət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]