...

"Azerspace" telekommunikasiya peykinin buraxılışından Azərbaycanın gəlirləri 495 milyon manat təşkil edəcək - nazir

Telekommunikasiya Materials 17 İyun 2010 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir H.Vəliyev/

"Azerspace" milli telekommunikasiya peykinin buraxılması layihəsindən əldə olunacaq gəlirlərin həcmi 495 milyon manat təşkil edəcək. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, əldə edilmiş gəlir ölkənin texniki inkişafına yönəldiləcək.

Nazirliyin hesablamalarına görə, Azərbaycanda layihənin reallaşdırılması üçün kapital qoyuluşlarının həcmi 319 milyon manat təşkil edəcək ki, bunun da 127 milyonunu peykin istismar xərcləri təşkil edir. Layihə qoyulan sərmayələrin xərcini istismara başladıqdan altı il sonra çıxaracaq. Azərbaycanın gəlirləri 176 milyon manat təşkil edəcək.

"Azerspace" peykinin buraxılışı 2012-ci ilin iyul-avqust aylarında gözlənilir. Bundan sonra növbəti layihə üzrə, gələcəkdə isə bir neçə buraxılışın həyata keçirilməsi planlaşdırılır", - nazir bildirib.

Azərbaycan qarşısında duran əsas prioritet məsələlərdən biri peykin resurslarının satışı ilə bağlıdır. Ümumilikdə, ölkə peykin resurslarının 80 faizini beynəlxalq bazara çıxarmaq, yerdə qalan 20 faizindən respublikadaxili səviyyədə istifadə etmək niyyətindədir. Bu günədək Malayziya "Azerspace" peykinin resurslarının 40 faizini almağa hazır olduğunu bildirib.

Rabitə peykinin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım olacaq. "Azerspace" milli peykinin yerləşdirilməsi üçün ITU (International Telecommunication Union) tərəfindən 43,2, 58,5 və 96 dərəcə şərqi uzunluqda mövqelər ayrılıb.

Peyk Avropa, Asiya və Afrikaya istiqamətlənmiş üç şüa ilə təchiz ediləcək ki, bu da respublikanın kanallarının yayımında tranzit ölkə kimi çıxış etməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti