...

Bakıda genişzolaqlı İnternet şəbəkəsinə 294 məktəb qoşulub

Telekommunikasiya Materials 21 Sentyabr 2010 15:39 (UTC +04:00)
Bakıda genişzolaqlı İnternet şəbəkəsinə 294 məktəb qoşulub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Təhsil Nazirliyinin informasiyalaşdırma sisteminin idarəsindən məlumat veriblər.

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir H.Vəliyev/

Bakıda genişzolaqlı İnternet şəbəkəsinə 294 məktəb qoşulub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Təhsil Nazirliyinin informasiyalaşdırma sisteminin idarəsindən məlumat veriblər.

Respublika üzrə İnternet şəbəkəsinə qoşulan məktəblərin ümumi sayı 500 ədəd təşkil edir.

Hacıqabul, Sabirabad və Salyan zonaları üzrə İnternet şəbəkəsinə 31 məktəb; Yevlax, Mingəçevir, Şəmkir və Gəncə üzrə 64 məktəb; Şabran, Xaçmaz, Quba üzrə 24 məktəb; Lənkəran üzrə 8 məktəb; Göyçay, Şamaxı üzrə 10 məktəb; Şəki üzrə 17 və Sumqayıt üzrə 52 məktəb qoşulub.

Adları çəkilən zonalardakı bu məktəblər "AZEduNet" təhsil şəbəkəsinə avtomatik qoşulublar ki, bu şəbəkə də təhsil müəssisələrinə nazirliyin məlumat-resurs mərkəzində yerləşdirilmiş elektron təhsil resursları və idarə sisteminə sürətli qoşulmağa imkan yaradır.

Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən məlumata görə, 2011-ci ilin sonuna qədər daha 500 məktəb yüksəksürətli İnternet şəbəkəsinə qoşulacaq.

Bundan əvvəl təhsil naziri Misir Mərdanovun dediyi kimi, məktəblərin kompüterləşdirilməsinə 16 milyon manat sərf olunacaq ki, bunun əsas hissəsi daha 500 məktəbin İnternet şəbəkəsinə qoşulması və müəllimlər üçün təlimlərin keçirilməsinə ayrılacaq.

Bu gün Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərinin kompüterləşdirilməsinin növbəti mərhələsinin gerçəkləşdirilməsi üzrə işlər aparılır. Nazirlik tərəfindən İnternet şəbəkəsinə qoşulmaq üçün kompüter və şəbəkə avadanlığının alınması üzrə tenderlərin keçirilməsi planlaşdırılır ki, bu da İKT quraşdırılmış məktəblərin sayını əhəmiyyətli dərəcədə artıracaq.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanda hər 20 şagirddən birinə bir kompüter düşür. Bu göstərici orta ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi səviyyəsini 5 il bundanəvvəlki göstərici ilə müqayisədə 60 dəfə artırır. Həmin dövrdə hər 1 036 şagirddən birinə bir kompüter düşürdü.

İşlər 2008-2012-ci illərdə Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqarmı çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi İT-dən istifadə yolu ilə təhsilin keyfiyyətini artırmaq üçün vahid təhsil informasiya mühitinin yaradılması və ölkənin dünya təhsil sisteminə inteqrasiyasıdır. Bu, ölkənin təhsil sistemini effektiv şəkildə idarə etməyə, həmçinin, İnternet şəbəkəsi vasitəsilə xarici ölkələrin təhsil müəssisələri ilə əlaqə saxlamağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti