Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi Dilmanc layihəsi çərçivəsində "Azərbaycan dilinin tezlik lüğəti" hazırlanıb. Bu barədə nazirliyin şənbə günü yayılan məlumatında deyilir.
Təqdim olunan tezlik lüğətinin tərtibi üçün təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunub.
Elmi, bədii, publisist, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaradıb.
Lüğətdə 12 minə yaxın söz kökü əhatə olunub.
Layihə mütəxəssisləri gələcəkdə səs komandalarının köməyi ilə elektron poçtu idarə etməyə, müxtəlif proqramlarla işləməyə imkan verəcək səsin tanınması sisteminin təkmilləşdirilməsi üzrə iş də aparırlar. Səs komandaları vasitəsilə RSS-kanallardan xəbərlərin yığılması ilə məşğul ola biləcək modulun imkanlarının sınağı artıq keçirilib.
Gözlənilir ki, bu sistemin yeni versiyası Azərbaycanın Beynəlxalq Telekommunikasiya Sərgisi "BakuTel-2010"da nümayiş olunacaq.