...

Azərbaycan telekanalları qarşısında rəqəmsal yayıma keçidlə bağlı şərt qoyulacaq

Telekommunikasiya Materials 9 Dekabr 2010 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir H.Vəliyev/

Milli televiziya kanalları qarşısında rəqəmsal yayıma keçidlə bağlı müvafiq şərtlər qoyulacaq. Bu barədə cümə axşamı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Məhərrəmlinin sözlərinə görə, rəqəmsal yayıma keçid bu gün təkcə Azərbaycan üçün deyil, dünyanın əksər ölkələri üçün aktualdır.

"Rəqəmsal yayıma keçid üzrə proqrama əsasən, biz də bu istiqamətdə bütün lazımi tədbirlər görürük. Hesab edirəm ki, milli kanallar rəqəmsal yayıma keçid üçün bütün lazımi texniki işləri görməlidirlər", - o, qeyd edib.

Hazırda rəqəmsal paketdə yalnız Azərbaycan Televiziyası (AZTV), İctimai Televiziya (İTV), Lider, ATV və İdman Azərbaycan kanalı təmsil olunub. Müvəqqəti olaraq paketə RTR, DTV, NTV, Euronews və BBC telekanalları daxil edilib.

Rəqəmsal paketə qalan telekanallar - Space, Xəzər və TRT (Türkiyə) telekanallarının, eləcə də regional telekanalların daxil edilməsi üçün MTRŞ-dən icazə almaq və "Teleradio" İB ilə müqavilə imzalamaq lazımdır.

Hazırda rəqəmsal televiziya Bakı və Abşeron yarımadası ərazisində təcrübi istismara verilib. Rəqəmsal televiziya yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal standartına keçmək üçün əhali dekoderlər almalıdır. Bakı televiziya qülləsindən yayımlanan siqnal Salyan, Siyəzən və Qobustana çatır.

Yaxın vaxtlarda rəqəmsal televiziyanın siqnalı Gəncədə mümkün olacaq. Bununla paralel cənub istiqamətində - Ələtdən Lerik rayonunadək radiorele xəttin çəkilməsi üzrə işlər aparılır. Radiorele xətt rəqəmsal siqnalın Bakıdan cənub regionuna ötürülməsi üçün istifadə olunacaq.

MTRŞ sədrinin sözlərinə görə, rəqəmsal yayıma keçid zamanı az əhəmiyyət kəsb etməyən aspektlərdən biri də buna təkcə teleradio şirkətlərinin deyil, son istifadəçilərin də hazır olmasıdır. Belə ki, rəqəmsal yayıma keçid əhalidən dekoderlərin alınmasını tələb edəcək.

Bununla belə, Məhərrəmli əmindir ki, Azərbaycan 2012-ci ildə rəqəmsal yayıma keçid üzrə bütün öhdəlikləri yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti