...

Azərbaycanın mobil rabitə operatorları "GSMA Mobile World Congress" sərgisinə hazırlaşır

Telekommunikasiya Materials 25 Yanvar 2011 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları fevralın 14-dən 17-dək Barselonada keçiriləcək "GSMA Mobile World Congress-2011" mobil texnologiyalar sərgi-konfransında iştirak edəcək.

Azərbaycan tədbirdə iştirak edəcəklərini Trend-ə məlumatlarında təsdiqləyən hər üç GSM operatoru (Azercell, Bakcell və Azerfon) ilə təmsil olunacaq.

Bir neçə ildir ki, konqres çərçivəsində ümumdünya GSM Assosiasiyası tərəfindən təşkil olunan "GSMA Mobile World Congress" adlı böyük sərgi bu sahənin aparıcı nümayəndələri - rabitə operatorları, mobil qurğu istehsalçıları və multiservis provayderlərinin toplaşdığı mobil rabitə dünyasında ən parlaq və əhəmiyyətli hadisə hesab olunur.

Bu il sərgidə Orange, China Mobile, T-Mobile, Vodafone, Telefonica Moviles, Ericsson, Motorola, Microsoft və digər şirkətlərin rəhbərləri iştirak edəcəyi gözlənilir.

Ənənəvi olaraq tədbir keçirilən günlərdə simsiz rabitə bazarında aparıcı mövqe tutan şirkətlərin top-menecment nümayəndələri bir sıra görüş və seminarlar keçirəcəklər və burada mobil rabitə sənayesi üzrə actual mövzular, həmçinin gələcəkdə bu sahənin inkişaf və texnologiya perspektivləri müzakirə olunacaq.

"Mobile World Congress 2011" sərgisində mobil innovasiyalar, əyləncələr, əlavələr, açıq mobil sistemlər, internet-texnologiyalar və s. təqdim olunacaq.

Bu il sərgidə gələcək mobil rabitəni müəyyən edən məhsul və texnologiyalarını təqdim edəcək 1300-dən çox şirkətin iştirakı gözlənilir. Sərgiyə gələnlərin mobil əlavələrlə tanış ola biləcəyi "App Planet" pavilyonu açılacaq.

2010-cu ildə "GSMA Mobile World Congress"də 50 min kvadratmetrdən çox meydanda 1300 eksponent iştirak edib. Sərgiyə 47 min nəfərdən çox adam gəlib.

Xəbər lenti

Xəbər lenti