...

Son altı il ərzində Azərbaycanda İKT-yə 1,5 milyard dollar sərmayə yatırılıb - rabitə nazirinin müavini

Telekommunikasiya Materials 3 Mart 2011 12:05 (UTC +04:00)
Son altı il ərzində Azərbaycanda İKT sektoruna 1,5 milyard dollar sərmayə yatırılıb ki, bunun 21 faizi xarici investisiyalardır.
Son altı il ərzində Azərbaycanda İKT-yə 1,5 milyard dollar sərmayə yatırılıb - rabitə nazirinin müavini

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

Son altı il ərzində Azərbaycanda İKT sektoruna 1,5 milyard dollar sərmayə yatırılıb ki, bunun 21 faizi xarici investisiyalardır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən azərbaycanlı sərmayədarların sammitində - "The Azerbaijan Investors' Summit 2011"-də Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Son illərdə Azərbaycanın İKT sektoru 5 dəfə genişlənib, sektorun orta illik artım tempi 30-35 faiz təşkil edib. Dünya maliyyə-iqtisadi böhranına baxmayaraq, 2009-cu ildə inkişaf dinamikası saxlanıb və 13,7 faiz təşkil edib. 2010-cu ildə artım 32,1 faiz təşkil edib. Əlverişli rəqabət mühitinin yaradılması hesabına özəl sektorun payı 70,7 faizdən 80,3 faizədək artıb", - Vəlizadə deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın İKT infrastrukturunun inkişafı üzrə müsbət nəticələr əldə olunub. Respublika MDB məkanında 2008-ci ildə tam telefonlaşmaya nail olan ilk ölkədir, 2010-cu ildə isə bütan telefon infrastrukturu elektron növə keçirilib.

Bu gün ölkə üzrə mobil rabitənin yayılma səviyyəsi 100 faizə çatıb. 2009-cu ildə mobil rabitə şəbəkəsində üçüncü nəsil - 3G standartı tətbiq edilib.

Poçt rabitəsi sahəsində Dünya Bankının dəstəyi ilə maliyyə xidmətlərinin inkişafı layihəsi uğurla başa çatdırılıb və bu gün artıq əhaliyə maliyyə xidmətləri göstərilir.

Bu gün respublikada İnternetin yayılma səviyyəsi 50 faizə çatıb ki, bunun 15 faizini genişzolaqlı İnternet istifadəçiləri təşkil edir.

Vəlizadənin sözlərinə görə, Azərbaycanda istehsal olunan kompyuter texnikası region ölkələrinə ixrac olunur. Məktəblərin tam kompyuterləşdirilməsi başaçatma mərhələsindədir, onların 30 faizi artıq yüksəksürətli İnternet şəbəkəsinə qoşulub.

Xəbər lenti

Xəbər lenti