...

Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə qanun qəbul ediləcək - agentlik rəhbəri

Telekommunikasiya Materials 26 Aprel 2011 16:32 (UTC +04:00)
Azərbaycan Milli Məclisi yaxın vaxtlarda "Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun layihəsinə baxmağa başlayacaq.
Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə qanun qəbul ediləcək - agentlik rəhbəri

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Məclisi yaxın vaxtlarda "Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun layihəsinə baxmağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib.

İmanovun sözlərinə görə, bu növ qanun MDB məkanında ilk dəfə qəbul ediləcək.

"Bu gün piratlıq əleyhinə olan proqramımızı həyata keçirməklə, biz ölkədə pirat məhsulların səviyyəsini azaltmağa nail olmuşuq. Bunu bütün dünyada etiraf edirlər. Lakin biz bununla kifayətlənməyəcəyik", - İmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan pirat məhsulların göstəricisini 40 faizədək azaltmaq niyyətindədir.

"Bunun üçün biz mövcud qanunvericiliyə dəyişikliklər edirik, yeni qanunlar qəbul olunur, eləcə də əqli mülkiyyət hüququnun təmini üzrə mərkəzlər yaradılacaq", - İmanov qeyd edib.

Agetlik yanında fəaliyyət göstərəcək əqli mülkiyyət hüququnun təmini üzrə mərkəzə yeni qanunun dəstəklənməsi ilə əlaqədar funksiyalar tapşırılacaq.

"Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun əqli mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsi məsələlərini tənzimləməli, onların marağı və hüquqpozmaların qarşısının alınması ilə bağlı inzibati və məhkəmə prosedurlarını müəyyən etməlidir.

Qanun layihəsinin üçüncü fəsli tamamilə piratlıqla mübarizəyə aiddir. Orada ifaların, fonoqramların rəqəmsal kodlaşdırılması və əqli mülkiyyətin digər obyektləri ilə bağlı olan konkret normalar göstərilib. Qanun informasiya texnologiyalarından qanunsuz istifadənin qarşısını da alacaq.

Qanun normalarına uyğun olaraq, məhkəmə əqli mülkiyyət hüquqlarının pozulması ilə gətirilən kontrafakt malların və pirat nüsxələrin ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması, hüquq sahibinə dəyən ziyanın kompensasiyası üçün əqli mülkiyyət hüquqlarını qəsdən və ya bilmədən pozan şəxslərin müvafiq məbləği ödəməsi barədə qərar çıxara bilər.

Bununla yanaşı, məhkəmə qanun pozucusunun kompensasiya ödəmədən, kontrafakt məhsulu ticarət şəbəkəsindən çıxara, həmçinin, qanunsuz malların istehsalında istifadə olunan avadanlıq və materialları müsadirə edə bilər.

Xəbər lenti

Xəbər lenti