Azərbaycan, Bakı, 5 may /Trend/
Mayın 4-də "Azerfon" MMC-nin dəstəyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi iştirakı və "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinın təşkilatçılığı ilə "Ölkənin inkişafında İKT və Mobil rabitənin rolu" mövzusunda jurnalist müsabiqəsi elan edilib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr edilmiş müsabiqədə çap və elektron media nümayəndələri də iştirak edə bilərlər. Mayın 5-dən start verilən müsabiqə 1 ay müddətində davam edəcək və aşağıdakı mövzularda materiallar qəbul olunacaq:
- Mobil rabitə sahəsində yeni imkanlar;
- Mobil rabitə xərclərinə necə qənaət etməli;
- Mobil rabitədə şəffaflıq;
- Nömrə daşınması layihəsi - müştərilər üçün üstünlükləri;
- Medianın inkişafında mobil rabitədən istifadə;
- İnternetə çıxışın genişlənməsində mobil rabitənin rolu;
- Sosial inkişaf üçün mobil rabitədən istifadə;
- Azərbaycanın İKT sahəsinin inkişafında mobil rabitənin rolu;
- Rouminq mobil rabitənin əsas xidmətlərindən biri kimi.
Müsabiqənin qalibləri Azerfon, RİTN, "Yeni Nəsil" və Azərbaycan Jurnalistlər Birlikləri nümayəndələrindən ibarət ekspertlər komissiyası tərəfindən müəyyən olunacaq.
Materiallar (məqalələr, müsahibələr, TV/radio materiallar, fotoreportajlar və s.) [email protected] və [email protected] email ünvanlarına, həmçinin, Bakı şəh., Neftçilər prospekti, 145/5 ünvanında yerləşən "Yeni Nəsil" Jurnalistlər Birliyinə təqdim edilə bilər.
Müsabiqə nəticəsində 5 qalib seçiləcək (1-ci yer - 1 nəfər, 2-ci yer - 2 nəfər, 3-cü yer - 2 nəfər) və 5 xüsusi mükafat veriləcək. 1-ci yeri tutan qalib 500 manat, 2-ci yer sahibləri - 300 manat, 3-cü yer tutanlar - 200 manat qazanacaq, xüsusi mükafatların məbləği isə 100 manatdır.