...

Azərbaycanın Rabitə Nazirliyi dövlət rabitə müəssisələrinin mülkiyyət formasının dəyişdirilməsi prosesinə başlayıb

Telekommunikasiya Materials 6 May 2011 15:50 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət rabitə müəssisələrinin - "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərinin mülkiyyət formasının dəyişdirilərək, onların açıq səhmdar cəmiyyətə çevrilməsi prosesinə başlanması üzrə zəruri sənədləri hazırlayaraq baxılmaq üçün hökumətə təqdim edib.
Azərbaycanın Rabitə Nazirliyi dövlət rabitə müəssisələrinin mülkiyyət formasının dəyişdirilməsi prosesinə başlayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət rabitə müəssisələrinin - "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərinin mülkiyyət formasının dəyişdirilərək, onların açıq səhmdar cəmiyyətə çevrilməsi prosesinə başlanması üzrə zəruri sənədləri hazırlayaraq baxılmaq üçün hökumətə təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, yenidən strukturlaşdırma üzrə işlər başa çatdıqdan sonra müəssisələrin özəlləşdirilməsi prosesinə start veriləcək.

Bir müddət əvvəl Abbasovun dediyi kimi, dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi Azərbaycanın telekommunikasiya bazarında sağlam mühit yaratmağa imkan verəcək.

İlkin mərhələdə dövlət stasionar şəbəkə operatorlarının səhm paketinin 100 faiz dövlətə məxsus olacağı vahid telekommunikasiya şirkətində, yəni açıq səhmdar cəmiyyətində birləşəcəyi gözlənilir. Sonrakı mərhələdə ASC-nin payı özəlləşdirilməyə çıxarılacaq ki, bu da bazarda özəl şirkətlərin və onların fəaliyyətini tənzimləyən orqanın meydana çıxmasına imkan verəcək.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da telekommunikasiya müəssisələrinin özəlləşdirilməsi kifayət qədər mürəkkəb prosesdir. Bu gün Azərbaycanda Bakcell, Azercell, CATEL, Ultel şirkətləri, eləcə də Bakteleqraf və Qasid kimi dövlət müəssisələri özəlləşdirilib. Gündəlikdə isə "Bakı Telefon Rabitəsi" və "Aztelekom" istehsalat birliklərinin, beynəlxalq əlaqələrin təşkili məqsədilə istifadə olunan "Teleradio" yerüstü rabitə peyki stansiyasının özəlləşdirilməsi durur.

Azərbaycanda dövlət telekommunikasiya müəssisələrinin özəlləşdirilməsi onların gələcəkdə fəaliyyətinə təsir etməyəcək. Bu gün "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birlikləri inkişaf edir, şəbəkə infrastrukturlarının modernləşdirilməsi üçün kifayət qədər sərmayə yatırır ki, bunun da nəticəsində stasionar rabitənin regional şəbəkələrinin 100 faiz rəqəmli formaya keçidi təmin olunub.

Xəbər lenti

Xəbər lenti