Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaxın vaxtlarda dərman preparatları reyestrinin Mərkəzin rəsmi internet resursuna birləşdirilməsi üzrə işləri başa çatdıracaq. Bu barədə Trend-ə bazar ertəsi mərkəzdən xəbər verilib.
"Reyestrin internet-resursa inteqrasiyası istehlakçılara aldıqları dərman preparatlarının keyfiyyət uyğunluğunu yoxlamağa, seriya nömrəsi üzrə axtarış verməyə imkan yaradacaq", - mərkəzdən bildirilib.
Bu gün Azərbaycana rəsmən tədarük olunan hər bir dərman preparatı mərkəzin laboratoriyasında yoxlamadan keçirilir, bundan sonra ona müalicə zamanı istifadədə təhlükəsizliyi təmin edən keyfiyyət sertifikatı verilir. Preparatın seriyası məlumat reyestrinə daxil edilir.
Dərmanlar haqqında məlumatın təqdim olunmasının yeni qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurların şəffaflığını təmin edir.