...

Azərbaycanın internet-provayderləri internetə çıxış qiymətinin azaldığını elan edirlər

Telekommunikasiya Materials 30 Sentyabr 2011 19:38 (UTC +04:00)
Azərbaycanın dövlət internet-servis-provayderi BakinterNet internet şəbəkəsinə çıxış üzrə qiymətin aşağı salındığını elan edir.
Azərbaycanın internet-provayderləri internetə çıxış qiymətinin azaldığını elan edirlər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət internet-servis-provayderi BakinterNet internet şəbəkəsinə çıxış üzrə qiymətin aşağı salındığını elan edir. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Oktyabr ayının 1-dən qüvvəyə minən yeni tariflər genişzolaqlı ADSL trafikinin və buraxılış qabiliyyətinin 2 dəfə artırılmasını nəzərdə tutur.

Seçilmiş tarif planından asılı olaraq, BakinterNet abonentlərinin məhdudiyyətsiz ADSL-ə çıxış xərcləri indi 10-95 manat (müvafiq olaraq 512/512 Kbit/s - 10240/1024 Kbit/s) təşkil edir (instalyasiyanın qiyməti 5 manatdır).

Analoji tarif planı oktyabrın 1-dən etibarən digər dövlət internet-servis-provayderi AztelekomNet-də də qüvvədə olacaq. Şirkət bu baradə bu gün elan edib.

Dəyişikliklər eyni zamanda internet şəbəkəsinə çıxışın trafik və seçilmiş xətlər üzrə qiymətini də əhatə edir.

Genişzolaqlı ADSL-in 512 Kbit/s sürətlə istifadəsinin qiyməti 2 manat, əlavə olaraq yüklənən məlumatın hər Gb-nın qiyməti isə 3 manat (instalyasiyanın qiyməti 5 manat) təşkil edir.

Ayrılmış xətt üzrə internet xidmətlərinə gəlincə, bu xidmətin abonent ödənişi 25 manatdan (512 Kbit/s) 385 manatadək (10240 Kbit/s) dəyişir. İnstalyasiyanın qiyməti 48 manatdır.

Həmçinin trafikə görə ayrılmış internet xidməti təklif olunur ki, bu da 15 manatdan (6 Gb trafikli) 90 manatadək (55 Gb trafikli) başa gəlir. Trafikin əlavə hər Gb-nın qiyməti də 3 manatdır.

İnternet-xidmətlərin tariflərinin aşağı salınması ilk növbədə beynəlxalq rabitə kanallarının icarəsini internet-servis-provayderlərə 60 faizlik güzəştlə təqdim edən ilkin provayder "Delta Telecom" şirkətinin qərarı ilə bağlıdır. Bu da öz növbəsində, provayderlərə ADSL-xidmətlərinin qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salaraq istifadəçilərə daha əlverişli tariflər təqdim etmə imkanı verib.

Hazırda internet şəbəkəsinə çıxışın qiymətini AlfaNet, AzStarNet, SmartSystems və Ultel şirkətləri aşağı salıb.

Xəbər lenti

Xəbər lenti