Azərbaycan, Bakı, 13 dekabr / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC 2012-ci ilin əvvəlindən MasterCard ödəniş kartlarının buraxılışına başlayacaq. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, "Azərpoçt"un MasterCard örəniş sisteminə qoşulması sayəsində mümkün olub. Poçt operatoru "MasterCard Int." beynəlxalq kart təşkilatın Prinsipal üzvlüyünə qəbul edilib. Hazırda "Azərpoçt" MMC "MasterCard Int." beynəlxalq kart təşkilatında kartların emissiyası, həmçinin "ATM ekvayrinq"i üzrə sertifikasiya layihələrinə başlayıb.
Beynəlxalq ödəniş kartlarının emisiyası operatora perspektivdə pensiyaları ödəməyə imkan verəcək. Çünki poçt operatoru istifadəçilərin məhz bu kateqoriyasına potensial müştərilər kimi baxır. Bu məqsədlə "Azərpoçt" öz bankomatlar şəbəkəsinin genişləndirilməsi üzrə işlər aparır. Hazırda onların sayı cəmi 7 ədəddir.
Poçt operatorunun buraxdığı lokal plastik kartların (poçt rabitəsi işçilərinin əməkhaqlarının ödənilməsi) ümumi sayı isə bu gün iki minə çatır.