...

Əli Abbasov: Azərbaycanda genişzolaqlı internetin inkişafı ITU-nun tələblərinə cavab verir

Telekommunikasiya Materials 10 May 2012 19:09 (UTC +04:00)
Azərbaycanda internetə genişzolaqlı çıxış imkanlarının inkişafı üzrə fəaliyyət planı Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) tələblərinə cavab verir.
Əli Abbasov: Azərbaycanda genişzolaqlı internetin inkişafı ITU-nun tələblərinə cavab verir

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanda internetə genişzolaqlı çıxış imkanlarının inkişafı üzrə fəaliyyət planı Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) tələblərinə cavab verir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "The business year" jurnalına müsabihəsində bildirib.

"Biz ITU-nun baxışlarına uyğun olan və 2012-2015-ci illər ərzində internetə genişzolaqlı çıxış infrastrukturunun tədricən genişləndirilməsinə yönəldilmiş fəaliyyət planı hazırlamışıq", - o deyib.

Nazir əlavə edib ki, son illər genişzolaqlı internetə çıxış imkanları daha da artıb, çünki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qiymətlərin tənzimlənməsi üçün müvafiq qurumlarla sıx əməkdaşlıq çərçivəsində işləyir.

O qeyd edib ki, nazirlik "AzDataCom" şəbəkəsinin Azərbaycanın bütün regionları üçün genişzolaqlı çıxış xidmətlərini genişləndirdiyi layihənin təşəbbüskarı olub.

"Bundan başqa, "Delta Telecom" və "Azertelecom" ilkin provayderləri internetin buraxılış qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə veriblər", - Abbasov vurğulayıb.

"Son 10 ildə sektora 3 milyard dollar investisiya qoyulub və son 7 ildə bu məbləğin 25 faizi xarici investorların payına düşüb", - o əlavə edib.

Nazirin sözlərinə görə, bu investisiyalar telekommunikasiya infrastrukturunun, xüsusən, mobil rabitənin modernləşdirilməsində və qabaqcıl texnologiyaların inkişafında vacib rol oynayıb.

"Azərspace" peykinə gəlincə, Abbasov deyib ki, peyk nəinki Azərbaycanda, həmçinin bütün Avrasiyada televiziya yayımı və telekommunikasiyaların keyfiyyətini artırmalıdır ki, bu da Azərbaycanı Avropa və Asiya arasında siqnalın ötürülməsi üçün əsas qovşaqlardan biri edir.

Nazirin sözlərinə görə, ikinci peykin buraxılması 2015-ci ilə planlaşdırılıb. İkinci peyk məsafədən zondla tədqiq etmək üçün nəzərdə tutulub ki, bu da Azərbaycanın ətraf mühit, kənd təsərrüfatı, topoqrafiya və milli təhlükəsizlik sahələrində imkanlarını genişləndirməlidir.

"Mobil rabitəyə gəlincə, nazirlik operatorlara mobil telefon nömrəsinin daşınması (MNP - Mobile Number Portability) xidmətlərinin tətbiqi ilə bağlı bütün prosedurları 2013-cü ilədək başa çatdırmağı tövsiyə edir", - Abbasov bildirib.

"Biz müxtəlif ölkələrdə mobil nömrələrin daşınması üzrə qanunvercilik bazasını öyrəndik və bu sahədə təhlil apardıq. Hazırda nazirlik tərəfindən xüsusi qanunvericilik normaları hazırlanıb və baxılması üçün mobil operatorlara göndərilib", - o deyib.

Nazir hesab edir ki, bu, bazara və operatorlar arasında sağlam və haqlı rəqabət üçün şəraitin yaradılmasına müsbət təsir edəcək, habelə yeni investisiyaların cəlb edilməsinə kömək edəcək.

O əlavə edib ki, mobil rabitə xidmətlərinin sayını, etibarlılığını və keyfiyyətini artırmaq lazımdır.

Nazirin sözlərinə görə, "Eurovision 2012" mahnı müsabiqəsi bir çox sahələrdə irəliləmək baxımından Azərbaycan üçün əla imkandır. Nazirlik rabitə, internet, televiziya və s. xidmətlərin yüksək keyfiyyətini təmin etmək üçün fəaliyyət planı hazırlayıb.

"Texnoloji baxımdan mərasimin uğurla keçməsinə zəmanət verəcək infrastruktur hazırdır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti