Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycanın "Ultra" şirkəti Koreyanın aparıcı şirkəti olan АНА ilə müqavilə bağlayıb və bununla da o, Azərbaycanda bu şirkətin məhsullarının eksklüziv distribüteri statusunu öz adına yazdırıb. Bu barədə cümə günü Trend-ə şirkətdən məlumat verilib.
Müqavilə imzalanarkən "Ultra" şirkətinin direktoru Zaur Məmmədzadə və Biznesin İnkişafı və İnteqrasiyası Departamentinin direktoru Məhəmməd Zülfüqarlı, o cümlədən AHA şirkətinin prezidenti Albert Ku və regional menecer İbrahim Mirzəmahmudov iştirak ediblər.
AHA şirkəti özünün ilk fəaliyyətini maye kristal monitorların istehsalçısı kimi başlayıb və şirkətin təməli 1999-cu ildə qoyulub.
Bu gün АНА istər maye kristal monitorların, istərsə sə respublikamızda olduqca məşhur olan və "Ultra" şirkəti tərəfindən Təhsil və Maliyyə nazirliklərində quraşdırılmış planşet kompüterlərin, interaktiv displeylərin və elektron podiumların aparıcı istehsalçısıdır.
Bundan başqa, AHA şirkətinin fəaliyyət istiqamətlərindən biri tibb müəssisələri və banklar üçün avtomatlaşdırılmış həllərin işlənib hazırlanması və tətbiqidir. Habelə, şirkət Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olur.
"Biz bu əməkdaşlığa görə çox şadıq, çünki hər şeydən öncə bu cür kontakt və əlaqələr təcrübələrin mübadiləsi və qabaqcıl texnologiyaların bazarımıza gətirilməsi, onları öyrənib və inkişaf etməyimiz üçün bir imkandır. Xüsusilə, biz yeni tərəfdaşımızın hazırda Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olduğuna məmnunuq, çünki bildiyiniz kimi, "Ultra" şirkəti də ölkəmizdə elektron təhsilin tətbiqi ilə məşğul olur. Bizim bu əməkdaşlıqdan böyük gözləntilərimiz var və ümid edirik ki, yaxın gələcəkdə cəmiyyət onun bəhrələrini görəcək", - Zülfüqarlı bildirib.