...

Azərbaycan İKT sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Telekommunikasiya Materials 28 Sentyabr 2012 15:34 (UTC +04:00)
Avropa İttifaqına (Aİ) daxil olan ölkələr arasında informasiya-kommunikasiya texnologiyaları, eləcə də poçt sahəsində böyük təcrübəyə malik olan Belçikanın artıq regionda İKT sahəsi üzrə aparıcı ölkəyə çevrilən Azərbaycanla əməkdaşlığı üçün geniş perspektivlər mövcuddur.
Azərbaycan İKT sahəsində Aİ ilə əməkdaşlığı  genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir H.Vəliyev/

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr arasında informasiya-kommunikasiya texnologiyaları, eləcə də poçt sahəsində böyük təcrübəyə malik olan Belçikanın artıq regionda İKT sahəsi üzrə aparıcı ölkəyə çevrilən Azərbaycanla əməkdaşlığı üçün geniş perspektivlər mövcuddur. Trend-in məlumatına görə, bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, iki ölkə arasında İKT sahəsində əməkdaşlıq məsələləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov arasında müzakirə olunub. Görüşdə Belçika-Azərbaycan münasibətlərində İKT aspekti üzrə müzakirələr aparılıb.

Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin başçısı əlavə edib ki, Aİ-nin rəqəmsal siyasət üzrə komissarı Niili Kres də BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumunda iştirak edəcək. Bu səfər çərçivəsində Azərbaycan və Aİ-nin informasiya-kommunikasiya texnologiyaları sahəsində geniş spektrli əməkdaşlığına baxıla və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilə bilər.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, bu səfər hazırda Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi və TASİM-in əsas investorları qismində çıxış edən Qərbi Avropa ölkələri ilə münasibətlərinə də müsbət təsir edə bilər.

Bu gün TASIM layihəsinə Rusiya ("Rostelekom"un operatoru), Qazaxıstan ("KazTransKom"un operatoru), Türkiyə ("TürkTelecom"un operatoru), Çin ("ChinaTelecom"un operatoru), eləcə də Azərbaycanın "Azertelekom" İB daxildir.

Xəbər lenti

Xəbər lenti