...

BMT Baş Assambleyasının ikinci komitəsi Azərbaycanın təşəbbüsü ilə TASIM layihəsi üzrə qətnaməni qəbul edib

Telekommunikasiya Materials 14 Dekabr 2012 14:59 (UTC +04:00)
BMT Baş Assambleyasının ikinci komitəsinin nümayəndələri Azərbaycanın təşəbbüsü ilə "Trans Avropa yüksək sürətli informasiya magistralının yaradılması yolu ilə internetə çıxışın genişləndirilməsi" (TASIM) qətnaməsini konsensusla qəbul ediblər.
BMT Baş Assambleyasının ikinci komitəsi Azərbaycanın təşəbbüsü ilə TASIM layihəsi üzrə qətnaməni qəbul edib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/

BMT Baş Assambleyasının ikinci komitəsinin nümayəndələri Azərbaycanın təşəbbüsü ilə "Trans Avropa yüksək sürətli informasiya magistralının yaradılması yolu ilə internetə çıxışın genişləndirilməsi" (TASIM) qətnaməsini konsensusla qəbul ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü BMT-nin yaydığı məlumatda deyilir.

Nümayəndələr üzv dövlətləri rəqəmsal texnologiyalar sahəsində geriləmənin aradan qaldırılmasına yönəldilmiş bu və digər layihələri dəstəkləməyə çağırıblar.

Bu həftə komitədə qəbul edilən qətnamə layihəsinin müəllifləri arasında Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Ukrayna var. Sənəddə Trans Avrasiya yüksək sürətli informasiya magistralının yaradılması layihəsi alqışlanır. Layihə Asiya və Avropa arasında telekommunikasiya kanallarının müasirləşdirilməsi və şaxələndirilməsinin dəstəklənməsinə hesablanıb.

Üzv dövlətlərə bundan sonra müvafiq hallarda dövlət və özəl sektorun imkanlarının cəlb edilməsi ilə bu layihəni dəstəkləmək təklif edilir.

Qətnamədə Beynəlxalq Elektrik Rabitəsi İttifaqı ilə əmədaşlıqda qarşılıqlı əlaqələrin genişləndirilməsi üzrə Avrasiya İttifaqının yaradılması nəzərdə tutulur.

Sənəddə rabitə nazirlərinin Trans Avrasiya yüksək sürətli informasiya magistralı haqqında məsələ üzrə 2008-ci il noyabrın 11-də Bakıda Azərbaycan hökuməti ilə keçirilmiş regional görüşü xatırlanır. Görüş BMT Katibliyinin İqtisadi və Sosial məsələlər üzdə Departamenti ilə əməkdaşlıq çərçivəsində baş tutub. Sənəddə 2011-ci ildə Trans Avrasiya yüksək sürətli informasiya magistralının yaradılması layihəsinin katibliyinin təsis edilməsi xatırlanır. Mənzil qərargahı Bakıda yerləşən katibliyin tərkibində müvafiq hökumətlər tərəfindən təyin edilən layihə icraçılarının olduğu vurğulanır.

Qətnamədə sosial inkişaf sahəsində internetə çıxışı genişləndirən böyük imkanlar qeyd edilir. Bura qadın və gənclərin hüquq və imkanlarının təmin edilməsi, genişləndirilməsi, həmçinin sosial inteqrasiya və dözümlülüyün təşviqi daxildir.

Assambleya üzv dövlətlərə internetə çıxışı təmin etmək sahəsində regional həllərin hazırlanmasında iştirak etməyi tövsiyə edib. Qətnamə beynəlxalq ictimaiyyətə qlobal telekommunikasiyalara çıxışın genişləndirilməsi üzrə səyləri dəstəkləməyi təklif edir. Bu zaman məlumatların ötürülməsi üzrə beynəlxalq genişzolaqlı şəbəkəyə tam çıxışı olmayan ölkələrə diqqət ayırmaq məsləhət görülür. Baş Assambleyanın əsas komitələrinin qəbul etdiyi digər qətnamələri kimi, bu qətnamə də təsdiq edilməsi üçün plenar iclasa təqdim ediləcək. Belə təsdiq hüquqi formallıq daşıyır, çünki komitələrdə BMT-yə üzv olan bütün ölkələrin nümayəndələri iştirak edirlər və plenumda səsvermənin nəticələri bir qayda olaraq komitələrdəki səsvermədən fərqlənmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti