...

Azərbaycanda mobil rəqəmsal imza istismara verilib (FOTO)

Telekommunikasiya Materials 2 May 2013 16:15 (UTC +04:00)
Vergilər Nazirliyi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birlikdə mobil rəqəmsal imzanın istismara verilməsini elan edib.
Azərbaycanda mobil rəqəmsal imza istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/

Vergilər Nazirliyi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birlikdə mobil rəqəmsal imzanın istismara verilməsini elan edib. Bu barədə cümə axşamı Trend-ə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, mobil rəqəmsal imzanı "ASAN xidmət" mərkəzlərinə və Vergilər Nazirliyinə müraciət etmək yolu ilə əldə etmək mümkün olacaq.

"Mobil imza mərkəzinin (ASAN imza) yeni platforması Azərbaycanın 3 mobil rabitə operatorunun platformaları ilə inteqrasiya edilib. Mobil rəqəmsal imzadan istifadə etmək üçün Sim-kartı dəyişmək lazım olacaq. Əlavənin instalyasiyası və mobil rəqəmsal imzanın aktivləşdirilməsi Vergilər Nazirliyinin Elektron İmza Sertifikat Xidmətləri Mərkəzində və "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək", - Musayeva qeyd edib.

Onun sözlərinə görə, mobil rəqəmsal imza Avropa İttifaqının göstərişlərinə tam uyğun gəlir ki, bu da onun Avropa ölkələri tərəfindən tanınmasına imkan verir.

Sertifikat Mərkəzinin təqdimatı bu gün Bakıda baş tutub. Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmsal imzadan istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün proqram təminatının işini nümayiş etdiriblər.

Perspektivdə mövcud əlavənin yeni şəxsiyyət vəsiqələrində instalyasiyası nəzərdə tutulub. Yeni şəxsiyyət vəsiqələrinin verilməsi 2014-cü ilə planlaşdırılıb.

Musayevanın sözlərinə görə, mobil rəqəmsal imzadan, həmçinin stolüstü, portativ kompüterlərdə və planşetlərdə istifadə etmək mümkün olacaq.

Mobil və stolüstü kompüterlərdə mobil rəqəmsal imzadan istifadə üçün mobil telefonun abonent nömrəsindən istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti