...

Əli Abbasov: Azərbaycan genişzolaqlı infrastrukturun inkişafına investisiya yatırır

Telekommunikasiya Materials 31 Mart 2014 15:03 (UTC +04:00)
Azərbaycan hökuməti internet istifadəçilərinin sayının xeyli artmasına xidmət edən genişzolaqlı infrastrukturun inkişafına təqribən 0,5 milyard dollar investisiya yatırır.
Əli Abbasov: Azərbaycan genişzolaqlı infrastrukturun inkişafına investisiya yatırır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan hökuməti internet istifadəçilərinin sayının xeyli artmasına xidmət edən genişzolaqlı infrastrukturun inkişafına təqribən 0,5 milyard dollar investisiya yatırır. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Davamlı inkişaf üçün genişzolaqlı rabitə" konfransında çıxışı zamanı deyib.

Konfrans ötən gün Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rabitənin inkişafı üzrə VI Ümumdünya konfransı çərçivəsində baş tutub.

Konfransda əsas diqqət İKT sahəsinin inkişafının prioritet istiqamətlərinə, proqram, layihə və təşəbbüslərin həyata keçirilməsi üzrə həmin istiqamətlərin razılaşdırılmasına yönəldilib.

Ə.Abbasovun sözlərinə görə, Azərbaycan genişzolaqlı rabitənin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin tərəfdarıdır: "Azərbaycanda reallaşdırılan genişzolaqlı internetin inkişafı layihəsi ilk növbədə evdə qoşulmaların sayının artmasına xidmət edir. Bundan başqa, respublikanın ümumtəhsil müəssisələrinin genişzolaqlı internetə qoşulması da prioritet vəzifədir".

ITU-nun baş katibi Hamadun Ture tədbirdə çıxış edərək deyib ki, genişzolaqlı internet ən yüksək templə inkişaf edir və onun artımının böyük hissəsi inkişaf edən ölkələrin payına düşür.

Onun sözlərinə görə, hazırda istehlakçıların istifadəsində 1,5 milyard smartfon var və yaxın bir neçə il ərzində onların sayı ikiqat artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti