...

Sabirabadda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Telekommunikasiya Materials 22 May 2014 17:25 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.
Sabirabadda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Azərbaycan, Bakı, 22 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir mayın 22-də Sabirabadda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Sabirabad və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri tərəfindən Nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd etmişdir ki, "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində də elektron xidmətlərin tətbiqi genişləndirilmişdir. Artıq nazirlik tərəfindən əhaliyə göstərilən 28 xidmət onlayn rejimdə həyata keçirilir. Bu isə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

İştirakçılara məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimdə həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimdə elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin nümayəndələri Fərid Salmanov, Natiq Heydərov və "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin nümayəndəsi Elçin Məlikov nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimdə qəbula yazılma, müraciətlərin qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, onlayn rejimdə sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.

Diqqətə çatdırılmışdır ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərir. Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən onlayn rejimdə istifadə proseduru nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti