Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
Fransanın "Airbus Defence and Space" şirkəti Azərbaycanın "Azərkosmos" ASC ilə əməkdaşlıqda aşağı orbitli peyk buraxıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, söhbət 2014-cü il iyunun 30-da orbitə çıxarılan Yerin məsafədən zondlanması üzrə "SPOT-7" peykindən gedir.
Nazir deyib ki, hazırda bu peykin idarə edilməsinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə verilməsi ilə bağlı danışıqlar aparılır.
Abbasovun qeyd etdiyi kimi, bu, buraxılış peyklərdən birgə istifadəni və geoloji informasiya sahəsində ASC-nin imkanlarının genişləndirilməsini nəzərdə tutan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə strateji əməkdaşlıq üzrə sazişin reallaşdırılmasının başa çatdırılması prosesində mühüm addımdır.
"Azərkosmos" və "Airbus Defence and Space" bu ilin mayında saziş imzalayıblar.