Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan və Türkiyə seysmik tədqiqatların aparılması üçün "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə monitorinq sistemi stansiyalarını birləşdirəcək beynəlxalq şəbəkə yaradacaqlar. Bunu Trend-ə Regional İnformasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev deyib.
Onun sözlərinə görə, Türkiyə diaqnostika və idarəetmə monitorinq sistemindən istifadə etməkdə maraqlıdır. Məlumatların mübadiləsi üçün beynəlxalq stansiyalar şəbəkəsi Bakı və İstanbulda yerləşən iki monitorinq mərkəzindən ibarət olacaq.
T.Babayev qeyd edib ki, türkiyəli alimlər iyulda Bakıya gələrək stansiyaların avadanlığının işi ilə tanış olublar: "Onlar əmin oldular ki, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnsititutunun təklif etdiyi metodika beynəlxalq şəbəkənin yaradılmasına və ocaqların və zəlzələnin gücünün daha dəqiq müəyyənləşdirilməsinə kömək üçün alət qismində tətbiq edilə bilər".
Hazırda Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünü, yəni anomal seysmik prosesləri (ASP) aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 7 stansiya fəaliyyət göstərir. Stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan, Siyəzən, Qazax və Naxçıvan Muxtar Respublikasındadır.
Planın məğzi respublikanın daha böyük ərazisini mövcud stansiyalarla əhatə etməkdir. Bu, zəlzələlərin episentrini daha böyük dəqiqliklə aşkar etməyə imkan verəcək.
Mövcud stansiyalar anomal seysmik proseslər özünü yerin səthində göstərməzdən 15-20 saat əvvəl onları qeydə almaq gücündədir.
Sistem seysmoaktiv siqnalların Kibernetika İnstitutunun bilavasitə şəbəkəsinə ötürülməsini təmin edir. Siqnalların ötürülməsi üçün yüksəktezlikli peyk kanallarından istifadə olunur ki, bu da instituta eksperimentləri daha yüksək səviyyədə və keyfiyyətli aparmağa imkan verir.