...

"Azərkosmos" və TÜBİTAK UZAY mütəxəssisləri təcrübələrini bölüşüblər

Telekommunikasiya Materials 13 İyun 2016 16:21 (UTC +04:00)
Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı “Azərkosmos” ASC-də təlim proqramında iştirak ediblər.
"Azərkosmos" və TÜBİTAK UZAY mütəxəssisləri təcrübələrini bölüşüblər

Bakı. Trend:

Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı "Azərkosmos" ASC-də təlim proqramında iştirak ediblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə "Azərkosmos"un təcrübəsini öyrəniblər.

Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəssisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idareetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm "Azərkosmos", həm də TÜBİTAK UZAY-ın mütəxəssisləri təcrübənin faydalı olduğunu, gələcəkdə də bu kimi təcrübə mübadiləsinin davam etdirilməsinin zəruriliyini bildiriblər.

"Azərkosmos" ASC haqqında

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı: www.azercosmos.com

TÜBİTAK UZAY haqqında

TÜBİTAK UZAY - İnformasiya Texnologiyaları və Elektronik Araşdırma İnstitutu 1985-ci ildə, Orta Doğu Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanan protokolla, "Ankara Elektronik Araşdırma və Təkmilləşdirmə İnstitutu" adı altında Orta Doğu Texniki Universitetinin şəhərciyində qurulub. 1991-ci ildən layihələr əsasında strukturlaşan institutun fəaliyyət sahələri artırılaraq 1995-ci ildə adı "İnformasiya Texnologiyaları Araşdırma İnstitutu" (BİLTEN) olaraq dəyişdirilib. 2006-cı ildə isə institutun əsas fəaliyyət sahəsi kosmik texnologiyalar olaraq müəyyən edilib və "Kosmik Texnologiyalar Araşdırma İnstitutu" olaraq adlandırılıb. TÜBİTAK UZAY, Türkiyənin kosmik texnologiyalar sahəsində inkişafını təmin etmək, kosmik texnologiyalar və aidiyyəti sahələrdə aktual araşdırma mövzuları irəli sürmək, həll metodları ortaya qoymaq və təhlilinə dəstək olmaq məqsədi ilə qurulmuş araşdırma, texnoloji təkmilləşdirmə və tətbiqetmə qurumudur.

TÜBİTAK UZAY qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnolji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti