Bakı. Trend:
Milli Aviasiya Akademiyasının nəzdində yaradılan “NaaSAT” model peyk komandası Beynəlxalq “CanSat” (Model Peyk) müsabiqəsində növbəti dəfə iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb. “NaaSAT” komandası peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçib. İlk ən yüksək nəticə göstərən 40 komanda sırasına düşən “NaaSat” komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.
Komanda 11 iyun 2017-cı il tarixində ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib. Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal – telemetriya qəbul edilib. Ölkəmizin ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, “NaaSAT” komandası, hətta ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli komandalarını, həmçinin Polşanın ötənilki qalib komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.
Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb.
Bu da öz növbəsində, “Azərkosmos” və Milli Aviasiya Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə uğurlu əməkdaşlığının bariz nümunəsi olub. Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindəndir. “CanSat” layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirmiş olub.
Milli Aviasiya Mərkəzi 15 iyun 1992-ci ildə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılıb. Mərkəz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyası (MAA) adlandırılıb. MAA-da Hava nəqliyyatı, Aerokosmik, Nəqliyyat texnologiyaları, Fizika-texnologiya, İqtisadiyyat və hüquq fakültələri fəaliyyət göstərir. Akademiyanın ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi vardır. İxtisaslaşdırılmış siniflər və auditoriyalar multimedia avadanlığı, tədrisə və biliyə nəzarətin texniki vasitələri ilə təchiz olunub.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.
Kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.