Bakı. Trend:
“Aztelekom”un internet abunəçilərinin sayı 250 min nəfərə çatıb.
Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, regionlarda telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi üçün mühüm işlər aparılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır.
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində internet istifadəçilərinin və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunur.
Artıq “Aztelekom”un internet abunəçilərinin sayı 250 000 nəfərə çatıb. 250 000-ci abunəçi Şəki şəhər sakini Rübabə Abdullayevadır. Bu münasibətlə ona “Aztelekom” tərəfindən noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.
Qeyd edək ki, bu il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilib. Nəticədə, “Aztelekom”un internet abunəçilərinin sayı 25% artıb.