Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və hüquq istiqamətləri üzrə təhsil alan ali məktəblərin bakalavr və magistr tələbələri üçün elan edilmiş təcrübə proqramına start verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciət edən 100-ə yaxın namizəddən müsahibə əsasında 12 nəfər seçilərək təcrübə proqramında iştirak hüququ əldə edib.
Proqrama seçilən iştirakçılarla Elektron Təhlükəsizlik Xidmətində görüş keçirilib.
Görüşdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev bildirib ki, kibertəhlükəsizlik sahəsi ölkəmiz üçün prioritet sahələrdəndir və sahə üzrə mütəxəssis hazırlığı Xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir.
Təcrübə proqramının ilk həftəsində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələrində kiberdayanıqlılığın artırılması məqsədilə həyata keçirilən “Cybersecurity East” layihəsi çərçivəsində dəvət olunan xarici ekspertlər tərəfindən proqrama seçilən iştirakçılar üçün “CompTIA Security+” beynəlxalq sertifikatlaşdırma təliminə də start verilib. Nəzəri və praktiki istiqamətdə keçiriləcək təlim çərçivəsində iştirakçılar kibertəhlükəsizlik üzrə yeni biliklər əldə edəcək və sahə üzrə risklərin uğurla idarə edilməsi üçün əldə edilmiş bilikləri tətbiq edə biləcəklər.
Elektron Təhlükəsizlik Xidməti tərəfindən keçirilən təcrübə proqramı çərçivəsində iştirakçılar kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində nəzəri və praktiki biliklərlə yanaşı, real iş mühitində gündəlik tapşırıqları icra etməklə təcrübə əldə edəcəklər.