Bakı. Trend:
Azərbaycanda və bütünlükdə Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda qadın liderlər tədricən elektron kommersiyaya keçid edir, həmçinin, rahat və etibarlı rəqəmsal ödənişlərdən istifadə edirlər.
Bu barədə Trend-ə Visa beynəlxalq ödəniş sisteminin mətbuat xidmətindən bildiriblər.
Şirkətdən verilən məlumata görə, azərbaycanlı qadın sahibkarların biznesə başlamaqda əsas motivasiyası "gəlirin artırılması" (41 faiz) və "arzuların həyata keçirilməsi" (24 faiz) olub.
"Qadın sahibkarlar biznesin açılmasında və idarə olunmasında ən böyük problemin kapital cəlbi (45 faiz) olduğunu bildirib, onlardan 23 faizi isə yüksək rəqabət hiss edib. Həmçinin, qadın sahibkarların bir hissəsi (27 faiz) "ailəsinə kifayət qədər vaxt ayıra bilməyəcəyinə", "uğursuzluqla üzləşəcəyinə" (26 faiz) görə narahatdır. Beləliklə, Azərbaycan ən populyar bacarıqlar aşağıdakı kimidir: birinci yerdə rəqəmsal marketinq və sosial şəbəkələrin idarə olunması (49 faiz), əlavə maliyyə əldəetmə strategiyası (34 faiz) və elektron kommersiya (26 faiz) dayanıb", - Visa-dan bildiriblər.
Həmçinin, Azərbaycan üzrə nağdsız ödəniş göstəricilərinin 50 faiz, nağd ödənişlərin isə 41 faiz təşkil etdiyi qeyd olunub.
"Müştərilər əsasən kartla ödəniş edirlər (46 faiz kartla, 38 faiz isə nağd ödəniş edir). Azərbaycanlı qadın sahibkarların yarısı isə mal və xidmətlərinə görə kartla ödəniş olunmasına üstünlük verdiklərini bildiriblər", - Visa-dan deyilib.