...

Azərbaycanda maliyyə bazarında kibertəhlükəsizlik strategiyası hazırlanır - Mərkəzi Bank

Telekommunikasiya Materials 13 Aprel 2023 13:12 (UTC +04:00)
Azərbaycanda maliyyə bazarında kibertəhlükəsizlik strategiyası hazırlanır - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda maliyyə bazarında kibertəhlükəsizlik strategiyası hazırlanır, strategiya 2023-2026-cı illəri əhatə edəcək.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kiber təhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.

"Strategiya Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə hazırlanır və artıq müəyyən bazar qiymətləndirməsi aparılıb. Strategiya fövqəladə hallar ehtimalının azaldılması, sürətli cavab tədbiri və təhdidlərin aradan qaldırılmasına, habelə bu sahədə beynəlxalq praktikanın öyrənilməsinə və tətbiqinə yönələcək. Həmçinin bu strategiya çərçivəsində istər yerli, istərsə də beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndiriləcəyi, qanunvericiliyə dəyişikliklərin olunacağı gözlənilir", - o deyib.

E.Şahverdiyev bu istiqamətdə Avstraliya, Aİ ölkələri, Yaponiya, Sinqapur və ABŞ ilə əməkdaşlığın genişləndiriləcəyinin gözlənildiyini vurğulayıb.

"Kibertəhlükəsizlik sistemlərini, bazarın təhlili metodlarını və bu sektorlarda mühüm uğur əldə etmiş aparıcı ölkələrin bank məhsullarının inkişafı üzrə təcrübəsini tətbiq etməyi planlaşdırırıq", - deyə o əlavə edib.

E.Şahverdiyev Azərbaycan banklarında informasiya təhlükəsizliyinin idarə olunmasının beynəlxalq standartlar əsasında həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq standartların və yeni qərarların qəbulu ilə risk əməliyyatlarının mümkünlüyü 86 faiz azalıb, qaydalara uyğunluq 55 faiz artıb, təhlükəsizlik 71 faiz güclənib, gözlənilməz hallar ehtimalı isə 50 faiz azalıb.

"Biz bulud texnologiyalarının idarə olunması üzrə "Şəxsi məlumatlar haqqında" qanuna və “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”na əsaslanırıq", - E. Şahverdiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti